Milli Məclis Azərbaycanla Özbəkistan arasında əbədi dostluq və pensiya təminatı sazişlərini ratifikasiya edib

Mətn Ölçüsü

Milli Məclis Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişi bir oxunuşda qəbul edib. Sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsini, eləcə də vətəndaşların pensiya hüquqlarının qarşılıqlı təmin olunmasını nəzərdə tutur.

PostNews xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq Müqaviləsi

Milli Məclis 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni təsdiq edib.

11 maddədən ibarət sənədin əsas məqsədi iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirmək, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdir.

Müqaviləyə əsasən, tərəflər beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını rəhbər tutaraq münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik əsasında qururlar.

Sənəddə tərəflərin bir-birinin köklü maraqlarına toxunan əsas məsələlər üzrə mövqelərini dəstəkləməsi, digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək blok və ittifaqlarda iştirak etməməsi nəzərdə tutulur. Həmçinin dövlətlər öz ərazilərindən digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə yol verməməlidirlər.

Müqavilə parlamentlərarası əlaqələrin genişləndirilməsini, Dövlətlərarası Şuranın əlaqələndirici və stimullaşdırıcı rolundan səmərəli istifadəni, siyasi məsləhətləşmələrin aparılmasını, ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafını nəzərdə tutur.

Bununla yanaşı, nəqliyyat və logistika əlaqələrinin, elm, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi də sənədin əsas istiqamətləri sırasındadır.

Tərəflər qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər üzrə mövqelərini əlaqələndirməyi, münaqişələrin qarşısının alınması və nizamlanmasında, regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyirlər.

Müqavilə üçüncü dövlətlərə qarşı yönəlməyib və tərəflərin digər ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir göstərmir.

Sənəd onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minəcək. Müqavilə qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən biri onun ləğvi barədə yazılı bildiriş göndərərsə, sənəd həmin bildirişin digər tərəfə çatdığı tarixdən 12 ay sonra qüvvəsini itirəcək.

Azərbaycan və Özbəkistan vətəndaşlarının pensiya hüquqları necə tənzimlənəcək?

Plenar iclasda 2026-cı il avqustun 23-də Daşkənddə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” də ratifikasiya edilib.

26 maddədən ibarət Sazişin əsas məqsədi pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək və iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunmasıdır.

Sənədə əsasən, Azərbaycan və Özbəkistan vətəndaşları pensiya təminatı sahəsində digər ölkənin qanunvericiliyi tətbiq edilərkən həmin dövlətin vətəndaşları ilə bərabər hüquqlara malik olacaq və bərabər öhdəliklər daşıyacaqlar.

Saziş pensiya hüquqlarının müəyyən edilməsi, sığorta stajının hesablanması və təsdiqlənməsi, pensiyaların təyin olunması, hesablanması, yenidən hesablanması və ödənilməsi qaydalarını tənzimləyir.

Pensiya hüququ müəyyən edilərkən tərəflərin ərazilərində, o cümlədən keçmiş Azərbaycan SSR və Özbəkistan SSR ərazilərində əldə edilmiş sığorta stajı sənəddə göstərilən qaydada nəzərə alınacaq. Saziş qüvvəyə minənədək əldə edilmiş sığorta stajı, Azərbaycan Respublikasına münasibətdə isə sığorta stajı və/və ya pensiya kapitalı da hesablamalarda nəzərə alınacaq.

Hər bir ölkənin səlahiyyətli qurumu öz ərazisində əldə edilmiş sığorta stajına uyğun pensiya məbləğini həmin dövlətin qanunvericiliyinə əsasən hesablayacaq.

Sazişdə mühüm məqamlardan biri pensiya alan şəxsin digər ölkənin ərazisində yaşamasına görə ödənişin azaldılmasına, müvəqqəti dayandırılmasına və ya ləğv edilməsinə yol verilməməsidir.

Sənəd pensiyaların digər tərəfin ərazisinə köçürülməsi, tibbi müayinələrin keçirilməsi, səlahiyyətli qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı yardım, müraciət və şikayətlərə baxılması, fərdi məlumatların mühafizəsi, artıq ödənilmiş pensiya məbləğlərinin geri qaytarılması və pensiyalara yenidən baxılması məsələlərini də əhatə edir.

Sazişə əsasən, pensiya ödənişləri avro və ya ABŞ dolları ilə həyata keçiriləcək.

Sənəd qüvvəyə minənədək baş vermiş sığorta hallarına da şamil ediləcək. Bununla belə, tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir göstərməyəcək.

Saziş ratifikasiya sənədlərinin mübadiləsinin aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minəcək və qeyri-müəyyən müddətə bağlanacaq.

Yeni Saziş qüvvəyə mindikdən sonra 1996-cı il mayın 27-də Bakıda imzalanmış Azərbaycan və Özbəkistan hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında əvvəlki Saziş qüvvəsini itirəcək.

Beləliklə, Milli Məclis Azərbaycanla Özbəkistan arasında həm siyasi-strateji münasibətləri, həm də sosial təminat sahəsində əməkdaşlığı tənzimləyən iki mühüm sənədi bir oxunuşda ratifikasiya edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri