Universitetlərin potensialından biznes niyə faydalanmasın? – Elnur İslamov yazır

Mətn Ölçüsü

Azərbaycanda universitetlərlə biznes sektoru arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların kommersiyalaşdırılması və professor-müəllim heyətinin real iqtisadi layihələrə cəlb olunması yeni inkişaf imkanları yarada bilər. Bu istiqamətdə ilkin pilot layihənin Qarabağda həyata keçirilməsi təklif olunur.

PostNews Azərbaycan Françayzinq Mərkəzinin rəhbəri, biznes və idarəetmə üzrə ekspert Elnur İslamovun müəllif məqaləsini təqdim edir.

Akademik biliklə real sektor arasında körpü: elmin kommersiyalaşdırılması, müəllimlərin praktik layihələrə cəlbi və Qarabağdan başlaya biləcək yeni əməkdaşlıq modeli.

Azərbaycanda hər il on minlərlə gənc universiteti bitirərək əmək bazarına qədəm qoyur. Onların bir qismi ixtisası üzrə iş tapır, digərləri isə fərqli sahələrdə özünü sınamalı olur.

Bəs universitetdə keçirilən illər gəncləri real iş həyatına nə dərəcədə hazırlayır? Daha vacibi, universitetlərimizin elmi və intellektual potensialından ölkə iqtisadiyyatı nə qədər faydalana bilir?

Diplom var, bəs iş imkanları?

Son illərdə Azərbaycanda ali təhsilin əhatə dairəsi genişlənir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə ölkədə təxminən 50 min nəfər ali təhsilini başa vurub. 2025/2026-cı tədris ilinin əvvəlində isə ali təhsil və tibb müəssisələrində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 261,6 min nəfərə çatıb.

Bu, əlbəttə, müsbət göstəricidir. Daha çox gəncin ali təhsil alması ölkənin gələcək insan kapitalı baxımından mühüm əhəmiyyət daşıyır.

Amma məsələnin başqa tərəfi də var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2025-ci ildə açıqladığı məlumatlara görə, 2018-ci ilin bakalavr məzunlarının 55,2 faizi, 2022-ci ilin məzunlarının isə 62,3 faizi universiteti bitirdikdən sonrakı iki il ərzində əmək müqaviləsi ilə işə başlayıb.

Göstəricilərdə irəliləyiş var. Bununla belə, bu rəqəmlər bizi daha bir sual üzərində düşünməyə vadar edir: iş tapan məzunların neçəsi məhz təhsil aldığı ixtisas üzrə çalışır?

Bu istiqamətdə ölkə üzrə tam mənzərəni əks etdirən müqayisəli məlumatlara ehtiyac var. Çünki məzunun iş tapması ilə universitetdə qazandığı bilikləri iş həyatında tətbiq etməsi hər zaman eyni nəticəni ifad etmir.

Əlbəttə, insanın ixtisasını dəyişməsi və başqa sahədə uğur qazanması problem deyil. Əsas məsələ gəncin universitetdə keçirdiyi illərin onun gələcək peşəkar həyatına nə qədər fayda verməsidir.

Universitetin uğurunu yalnız verdiyi diplomların sayı ilə deyil, yetişdirdiyi insanların yaratdığı dəyərlə də ölçməliyik.

Universitetlə biznes arasında məsafə niyə hələ də qalır?

2008-ci ildən etibarən müxtəlif universitetlərdə saat hesabı tədris fəaliyyəti ilə məşğul olmaqla yanaşı, biznes, sahibkarlıq və korporativ idarəetmə sahələrində çalışmışam.

Bu paralel fəaliyyət mənə həm akademik mühiti, həm də şirkətlərin real kadr ehtiyaclarını yaxından müşahidə etmək imkanı verib.

Bu illər ərzində diqqətimi çəkən əsas məqamlardan biri budur: işəgötürənlər üçün namizədin diplomundan daha çox, onun nəyi bacardığı, hansı problemləri həll edə bildiyi və şirkətin inkişafına necə töhfə verəcəyi əhəmiyyət daşıyır.

Şirkət üçün əməkdaşın problem həll etmək, qərar qəbul etmək, məsuliyyət daşımaq və komandada işləmək bacarıqları xüsusi əhəmiyyətə malikdir.

Universitet isə təbii olaraq tələbəyə fundamental biliklər, nəzəri yanaşmalar və elmi düşüncə qazandırmağa çalışır.

Əslində, burada ziddiyyət olmamalıdır. Əksinə, bu iki istiqamət bir-birini tamamlamalıdır.

Məsələn, marketinq ixtisasında təhsil alan tələbə yalnız marketinq strategiyasının nə olduğunu öyrənməməlidir. O, real şirkətin satış problemini araşdırmalı, müştəri davranışlarını təhlil etməli, təklif hazırlamalı və mümkün nəticələri qiymətləndirməyi bacarmalıdır.

Belə təcrübə tələbənin özünəinamını artırar, gələcək işəgötürən üçün isə onun bacarıqlarını daha aydın göstərər.

Real sektorun mütəxəssisləri universitet auditoriyalarında daha çox olmalıdır

Hesab edirəm ki, universitetlərimizdə real sektorda çalışan peşəkarların tədrisə cəlb olunması daha sistemli xarakter almalıdır.

Söhbət yalnız uğurlu sahibkarların və ya tanınmış rəhbərlərin tələbələrlə görüşlərindən getmir.

Şirkət idarə edən, istehsalat prosesini təşkil edən, maliyyə riskləri ilə işləyən, satış komandalarına rəhbərlik edən mütəxəssislər öz praktik təcrübələrini müntəzəm şəkildə tələbələrlə bölüşə bilərlər.

Ancaq burada bir məqam xüsusilə vacibdir.

Bəzən tanınmış mütəxəssisin adının universitetin müəllim heyətində olması onun tədrisə real töhfə verdiyi anlamına gəlmir. Əsas olan həmin şəxsin tələbələrlə nə qədər işləməsi, hansı bilikləri ötürməsi və hansı nəticələrin əldə olunmasıdır.

Digər tərəfdən, real sektorda çalışan peşəkarların universitetlərə cəlb olunması üçün onların vaxtına və əməyinə uyğun ödəniş mexanizmləri də nəzərdə tutulmalıdır.

Yüksək peşəkarlıq və təcrübə tələb edən işi yalnız şəxsi həvəs hesabına davamlı təşkil etmək çətindir.

Akademik müəllimlərin potensialından necə istifadə etmək olar?

Bu məsələdə diqqətdən kənarda qalmamalı olan başqa bir tərəf də var: universitetlərimizin mövcud professor-müəllim heyəti.

Onların arasında uzun illər elmi fəaliyyətlə məşğul olmuş, nəzəri bilikləri və tədqiqat bacarıqları yüksək olan mütəxəssislər az deyil.

Lakin hər müəllimin biznes mühitində işləmək və ya öz elmi biliklərini praktik layihələrdə tətbiq etmək imkanı olmur.

Məncə, burada ən doğru yanaşma akademik müəllimlə real sektor mütəxəssisini qarşı-qarşıya qoymaq deyil, onları bir layihə ətrafında birləşdirməkdir.

Təsəvvür edək ki, bir istehsal müəssisəsi məhsulunun maya dəyərini azaltmaq və ya satışlarını artırmaq istəyir.

Niyə həmin müəssisənin mütəxəssisləri, universitet müəllimləri və tələbələr birlikdə bu problem üzərində işləməsinlər?

Müəllim elmi yanaşma və metodologiyanı, biznes nümayəndəsi real təcrübəni, tələbə isə yeni baxışını və enerjisini ortaya qoyar.

Belə əməkdaşlıq müəllimlərin də praktik biliklərini zənginləşdirər. Üstəlik, onlar üçün əlavə qazanc, peşəkar inkişaf və motivasiya imkanları yaradar.

Biz yalnız real sektordan universitetə mütəxəssis gətirməməli, universitetin elmi potensialını da real sektorun inkişafına yönəltməliyik.

Elmi biliklər niyə iqtisadi dəyərə çevrilməsin?

Dünyada universitetlərin mühüm fəaliyyət istiqamətlərindən biri elmi tədqiqatların kommersiyalaşdırılmasıdır.

Sadə dillə desək, elmi bilik yalnız məqalə və dissertasiya şəklində qalmır. O, yeni texnologiyaya, məhsula, xidmətə və ya biznes üçün faydalı həllə çevrilə bilir.

Azərbaycanda da bu istiqamətdə daha geniş imkanların olduğunu düşünürəm.

Universitetlərdə kifayət qədər intellektual potensial var. Digər tərəfdən, müəssisələr hər gün istehsalat, idarəetmə, logistika, satış və texnologiya ilə bağlı müxtəlif problemlərlə qarşılaşırlar.

Bəs niyə biznesin bu problemləri universitetlər üçün real tədqiqat mövzusuna çevrilməsin?

Şirkətlər tədqiqatların sifarişçisi, universitetlər isə elmi həllərin yaradıcısı ola bilər.

Belə əməkdaşlıqdan hər kəs faydalanar: biznes daha səmərəli işləyər, müəllim öz biliyinin real nəticəsini görər, tələbə təcrübə qazanar, universitet isə əlavə maliyyə və inkişaf imkanları əldə edər.

Ən əsası, elmə qoyulan investisiya ölkə iqtisadiyyatına da geri qayıdar.

Universitet–biznes əməkdaşlığına Qarabağdan başlamaq olar

Qarabağda aparılan bərpa və quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması və Qarabağ Universitetinin fəaliyyətə başlaması bu istiqamətdə maraqlı imkanlar açır.

İqtisadiyyat Nazirliyinin 2026-cı ilin avqustunda açıqladığı məlumatlara əsasən, Ağdam Sənaye Parkına 177 milyon manatdan çox investisiya yatırılıb və burada 1 230 daimi iş yeri yaradılıb.

Regionda formalaşan iqtisadi potensialı təhsil və elm mühiti ilə əlaqələndirmək üçün bu, yaxşı fürsətdir.

Məsələn, Qarabağda universitetlərin, peşə təhsili müəssisələrinin və şirkətlərin iştirakı ilə kiçik pilot proqram başlatmaq olar.

İlk mərhələdə 10 müəssisə, 30 müəllim və 100 tələbənin iştirakı nəzərdə tutula bilər.

Müəssisələr öz real problemlərini və kadr ehtiyaclarını təqdim edər, müəllimlər və tələbələr isə praktik mütəxəssislərlə birlikdə onların həlli üzərində çalışarlar.

Bu layihədə əsas məqsəd çoxsaylı tədbirlər keçirmək və ya formal əməkdaşlıq sənədləri imzalamaq olmamalıdır.

Məqsəd konkret nəticələr əldə etməkdir: tələbələrin iş imkanlarını artırmaq, müəllimləri real layihələrə cəlb etmək, müəssisələr üçün faydalı həllər hazırlamaq və elmi nəticələrin iqtisadi tətbiqini genişləndirmək.

Uğurlu olacağı təqdirdə, bu təcrübəni ölkənin digər regionlarında da tətbiq etmək mümkündür.

Universitetin əsl dəyəri nə ilə ölçülməlidir?

Məncə, artıq universitetlərimizin uğuruna bir qədər fərqli baxmağın vaxtıdır.

Əlbəttə, tələbə sayı, elmi nəşrlər, akademik göstəricilər və beynəlxalq reytinqlər vacibdir. Ancaq bunlarla yanaşı, universitetin yetişdirdiyi məzunların peşəkar uğurları, biznesə verdiyi töhfə və cəmiyyət üçün yaratdığı fayda da diqqət mərkəzində olmalıdır.

Elm və biznes bir-birindən ayrı dünyalar deyil. Onların əməkdaşlığı həm təhsilin keyfiyyətini yüksəldə, həm də iqtisadi inkişafı sürətləndirə bilər.

Bunun üçün böyük və mürəkkəb dəyişiklikləri gözləmək də lazım deyil. Bəzən kiçik, düzgün qurulmuş pilot layihə gələcəkdə daha geniş sistemli dəyişikliklərin başlanğıcına çevrilə bilər.

Elm biznesə fayda verməli, biznes də elmin və təhsilin inkişafına töhfə göstərməlidir. Bu əməkdaşlığın ən böyük qazananı isə gənclərimiz və ölkə iqtisadiyyatı olacaq.

Azərbaycan Françayzinq Mərkəzi də bu yanaşmadan çıxış edərək universitetlər, real sektor nümayəndələri və texnoloji tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, akademik biliklərin praktik tətbiqi və elmin kommersiyalaşdırılması istiqamətində, o cümlədən Qarabağda həyata keçirilməsi mümkün olan pilot layihə təşəbbüsləri üzərində çalışır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri