PostNews – İyulun 15-də Green Park Hoteldə SKAL Bakı Klubunun təşkilatçılığı ilə “SKAL Bakı Klubu və Azərbaycan qonaqpərvərlik və turizm sənaye nümayəndələrinin görüşü” keçirilib.
“Turizm sənaye nümayəndələri ilə görüşək. İnkişafa birgə dəstək olaq” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dəmir Yolları (ADY) qurumlarının səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatı Vüqar Bayramov, həmçinin turizm və qonaqpərvərlik sektorunun aparıcı assosiasiyalarının rəhbərləri, hotel və turizm şirkətlərinin nümayəndələri, aviaşirkət və MICE şirkətlərinin təmsilçiləri, ali təhsil müəssisələrinin və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi SKAL International və SKAL Bakı Klubunun fəaliyyəti barədə iştirakçılara məlumat vermək, turizm sənayesinin mövcud vəziyyətini müzakirə etmək, dövlət və özəl sektor arasında açıq dialoqu gücləndirmək, yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək və Azərbaycanın turizm sektorunun inkişafına yönəlmiş birgə təşəbbüsləri müəyyənləşdirmək olub.
Görüş çərçivəsində turizm və qonaqpərvərlik sənayesinin inkişaf perspektivləri, sektor iştirakçıları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
