SOCAR “Qərbi Abşeron” yatağında metan emissiyalarını azaltmağa hazırlaşır – AİB

Mətn Ölçüsü

SOCAR və onun törəmə müəssisələri “Qərbi Abşeron” yatağında metan emissiyalarının azaldılması məqsədilə investisiya imkanlarının müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində iş aparır. Bu təşəbbüs Azərbaycanın istixana qazı emissiyalarını 2035-ci ilədək 1990-cı illə müqayisədə 40 faiz azaltmaq hədəfinə nail olması baxımından əhəmiyyət daşıyır.

PostNews xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal oktyabrın 28-də Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

Onun sözlərinə görə, neft-qaz sektorunda metan emissiyalarının azaldılması üçün investisiyaların düzgün istiqamətləndirilməsi və ən səmərəli tədbirlərin seçilməsi vacibdir.

AİB rəsmisi qeyd edib ki, Azərbaycanın iqlim hədəflərinə nail olması maliyyə resurslarının səfərbər edilməsini, müasir texnologiyaların tətbiqini və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsini tələb edir.

“2035-ci ilə qədər emissiyaların 40 faiz azaldılması hədəfinə nail olmaq üçün artıq çox vaxtımız qalmayıb. Buna görə də səylərimizi ikiqat artırmalıyıq”, – deyə S.Durrani-Camal vurğulayıb.

AİB Azərbaycanın 2025–2029-cu illər üzrə yaşıl inkişaf strategiyasını dəstəkləyir

Sunniya Durrani-Camal bildirib ki, Asiya İnkişaf Bankı Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçidini dövlət və özəl sektor investisiyaları, eləcə də texniki yardım proqramları vasitəsilə dəstəkləyir.

Onun sözlərinə görə, bankın Azərbaycanla 2025–2029-cu illəri əhatə edən tərəfdaşlıq strategiyası iqtisadiyyatın şaxələndirilməsinə, aşağı karbonlu inkişafın təşviqinə və dayanıqlı nəqliyyat infrastrukturunun genişləndirilməsinə yönəlib.

AİB rəsmisi qeyd edib ki, müasir, enerjiyə qənaət edən və təhlükəsiz dəmir yolu şəbəkəsinin inkişafı bu istiqamətdə mühüm layihələr sırasındadır.

“Biz Azərbaycanın ‘yaşıl iqtisadiyyat’ının şaxələndirilməsini və aşağı karbonlu əlaqələrin inkişafını dəstəkləyirik. Buraya müasir, enerjiyə qənaət edən və təhlükəsiz dəmir yolu şəbəkəsinin inkişafı da daxildir”, – deyə o bildirib.

Bakı metrosunun genişləndirilməsi və rəqəmsallaşdırılması nəqliyyatın səmərəliliyini artıra bilər

AİB-nin ölkə direktoru Bakı metropoliteninin inkişafı ilə bağlı məsələlərə də toxunub.

O bildirib ki, metro şəbəkəsinin genişləndirilməsi və rəqəmsallaşdırılması paytaxtda sərnişinlərin hərəkət imkanlarının yaxşılaşdırılmasına, nəqliyyat sisteminin səmərəliliyinin artırılmasına və aşağı karbonlu nəqliyyat həllərinin tətbiqinə töhfə verə bilər.

S.Durrani-Camalın sözlərinə görə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi Azərbaycanın dayanıqlı inkişaf və iqlim prioritetləri ilə əlaqəli istiqamətlərdən biridir.

Mərkəzi Asiya və Xəzər arasında yaşıl enerji dəhlizləri inkişaf etdirilir

Sunniya Durrani-Camal regional enerji əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Xəzər hövzəsi arasında “yaşıl enerji” dəhlizlərinin inkişafı elektrik enerjisinin sərhədlərarası ötürülməsinə və bərpaolunan enerji mənbələrinin regional enerji sistemlərinə inteqrasiyasına imkan yaradır.

AİB rəsmisi bildirib ki, enerji bağlantılarının inkişaf etdirilməsi region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və bərpaolunan enerji potensialından istifadənin artırılması baxımından əhəmiyyətlidir.

O, su infrastrukturuna investisiyaların artırılmasının da vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu sahəyə yönəldilən vəsait sistemlərin etibarlılığını gücləndirməklə yanaşı, ekstremal hava şəraitinə davamlılığını artırır.

AİB Azərbaycanda günəş enerjisi layihələrinin maliyyələşdirilməsini dəstəkləyir

AİB rəsmisi bankın Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafına verdiyi dəstək barədə də danışıb.

O bildirib ki, bankın özəl sektor əməliyyatları Qaradağ Günəş Elektrik Stansiyasının, eləcə də Biləsuvar və Bankə günəş enerjisi layihələrinin dəstəklənməsində mühüm rol oynayıb.

Sunniya Durrani-Camal vurğulayıb ki, bərpaolunan enerji layihələrinin genişləndirilməsi ilə yanaşı, mövcud enerji istehsalı və sənaye proseslərində emissiyaların azaldılması da vacibdir.

“Bərpa olunan enerji layihələrinin inkişafı Azərbaycanın enerji keçidinin vacib hissəsidir. Bununla yanaşı, emissiyaların azaldılması üçün mövcud enerji istehsalı və sənaye proseslərinin də daha səmərəli və ekoloji cəhətdən dayanıqlı olması vacibdir”, – deyə o bildirib.

Azərbaycanda yaşıl istiqrazlar çərçivəsi hazırlanır

S.Durrani-Camal Azərbaycanda “yaşıl maliyyə” mexanizmlərinin inkişafına da diqqət çəkib.

Onun sözlərinə görə, Asiya İnkişaf Bankı Azərbaycan Mərkəzi Bankına müvafiq maliyyə çərçivəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində dəstək göstərib.

AİB rəsmisi qeyd edib ki, bu yanaşmanın kommersiya banklarında tətbiqi ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar yarada bilər.

O, həmçinin Maliyyə Nazirliyinin kapital bazarlarının inkişafına dəstək verəcək “yaşıl istiqrazlar” çərçivəsi üzərində işlədiyini bildirib.

Nazirlik tərəfindən hazırlanan bu çərçivənin “yaşıl layihələr” üçün maliyyə alətlərinin inkişafına töhfə verməsi nəzərdə tutulur.

Günəş enerjisi layihələrində dövlət-özəl tərəfdaşlığı genişləndirilir

Sunniya Durrani-Camal bildirib ki, İqtisadiyyat Nazirliyi dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmləri vasitəsilə günəş enerjisi layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycanın iqlim hədəflərinə nail olması yalnız dövlət qurumlarının deyil, özəl sektorun, maliyyə institutlarının və digər maraqlı tərəflərin birgə fəaliyyətindən asılıdır.

“Uğurun əldə olunması üçün tərəfdaşlıqlar olduqca vacibdir. Bu, dövlət və özəl sektor, hökumətlər və istehlakçılar, eləcə də indiki və gələcək nəsillər arasında əməkdaşlığı əhatə edir”, – deyə AİB rəsmisi vurğulayıb.

Azərbaycan iqlim hesabatlılığı üzrə beynəlxalq öhdəliklərini icra edir

AİB-nin ölkə direktoru bankın Azərbaycanın iqlim öhdəliklərinin yerinə yetirilməsinə texniki dəstək göstərdiyini də bildirib.

Onun sözlərinə görə, bu dəstək Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsi üzrə öhdəliklərin icrasını, ilk ikiillik şəffaflıq hesabatının hazırlanmasını və milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) formalaşdırılmasını əhatə edib.

S.Durrani-Camal qeyd edib ki, Azərbaycanın 2035-ci ilədək istixana qazı emissiyalarını 40 faiz azaltmaq hədəfinə nail olması üçün investisiyaların artırılması, yeni texnologiyaların tətbiqi və bütün maraqlı tərəflər arasında koordinasiyanın gücləndirilməsi vacibdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri