Azərbaycanda qeyri-neft sənayesi 5 ildə 1,5 dəfə artıb – Nazir müavini

Mətn Ölçüsü

Azərbaycanda 2021–2025-ci illər ərzində qeyri-neft sənayesi 1,5 dəfə artıb. Sənaye istehsalının genişlənməsi, qeyri-neft ixracının yüksəlməsi və iqtisadi fəallığın artması ölkədə enerji tələbatını artırmaqla yanaşı, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsini və istehsal proseslərində ekoloji dayanıqlılığın təmin olunmasını aktuallaşdırır.

PostNews xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli oktyabrın 28-də Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı və ixrac imkanlarının genişlənməsi enerji təchizatının artırılması ilə yanaşı, karbon emissiyalarının azaldılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.

“İqtisadi artım davam edir, qeyri-neft sənayesi genişlənir, ixrac artır. Təbii ki, bu, enerji tələbatının da yüksəlməsinə səbəb olur. Ona görə də alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə S.Bəşirli qeyd edib.

Azərbaycanda 8 QVt-dan çox bərpaolunan enerji gücü üzrə müqavilələr imzalanıb

Səməd Bəşirli bildirib ki, Azərbaycan artan enerji tələbatını qarşılamaq və “yaşıl enerji”yə keçidi sürətləndirmək məqsədilə bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsini davam etdirir.

Onun sözlərinə görə, bu sahədə imzalanmış müqavilələr üzrə nəzərdə tutulan ümumi güc 8 QVt-ı (8 min MVt) ötüb.

Nazir müavini qeyd edib ki, ölkədə həyata keçirilən enerji layihələri daxili tələbatın ödənilməsi ilə yanaşı, regional enerji əməkdaşlığının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Bu istiqamətdə Xəzər dənizi, Qara dəniz, Avropa və Mərkəzi Asiyanı əhatə edən “yaşıl enerji” dəhlizlərinin inkişaf etdirilməsi əsas təşəbbüslər sırasındadır.

Yaşıl enerji layihələrinə vergi və gömrük güzəştləri tətbiq olunur

S.Bəşirli bildirib ki, Azərbaycanda bərpaolunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün müxtəlif dövlət dəstəyi mexanizmlərindən istifadə olunur.

Onun sözlərinə görə, bu çərçivədə investisiya təşviqi mexanizmi, eləcə də müvafiq layihələr üçün vergi və gömrük güzəştləri tətbiq edilir.

Nazir müavini qeyd edib ki, həmin mexanizmlər enerji sektorunda yeni layihələrin həyata keçirilməsini stimullaşdırmaq, müəssisələrin ekoloji cəhətdən dayanıqlı texnologiyalara sərmayə yatırmasını təşviq etmək məqsədi daşıyır.

Bununla yanaşı, Biznesin İnkişafı Fondu tərəfindən “yaşıl kreditlər”in təşviqi istiqamətində fəaliyyətə başlanılıb.

Bu maliyyələşdirmə mexanizminin müəssisələrin ekoloji layihələrə çıxış imkanlarının genişləndirilməsinə və “yaşıl iqtisadiyyat”ın inkişafına töhfə verməsi nəzərdə tutulur.

Sənaye müəssisələrində ekoloji texnologiyaların tətbiqi genişləndirilir

İqtisadiyyat nazirinin müavini sənayenin dekarbonizasiyasının yalnız ənənəvi enerji mənbələrinin bərpaolunan enerji ilə əvəzlənməsindən ibarət olmadığını vurğulayıb.

Onun sözlərinə görə, istehsal proseslərinin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə edilməsi və müasir ekoloji texnologiyaların tətbiqi də karbon emissiyalarının azaldılmasında mühüm rol oynayır.

S.Bəşirli qeyd edib ki, bu istiqamətdə istehsal proseslərinin optimallaşdırılması və resursların təkrar istifadəsinə imkan verən texnologiyaların tətbiqi həyata keçirilir.

Belə təşəbbüslər 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin dəstəyi ilə, o cümlədən “SOCAR Carbamide” və digər sənaye müəssisələrində reallaşdırılır.

Azərbaycan COP29 çərçivəsində iqlim hədəflərini yeniləyib

Səməd Bəşirli Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə iqlim öhdəliklərini və milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDC) yeniləyərək daha iddialı hədəflər müəyyənləşdirdiyini bildirib.

Nazir müavininin sözlərinə görə, iqtisadi artımın davam etməsi və sənaye istehsalının genişlənməsi şəraitində enerji tələbatının ödənilməsi ilə ekoloji dayanıqlılığın təmin edilməsi arasında tarazlığın qorunması mühüm əhəmiyyət daşıyır.

O vurğulayıb ki, Azərbaycan “yaşıl enerji”yə keçidi sürətləndirmək, sənayedə emissiyaları azaltmaq və iqtisadi inkişafı ətraf mühitin qorunması prinsipləri ilə uzlaşdırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri