Səudiyyə Ərəbistanı korrupsiya gəlirlərinin izlənilməsi üçün əməkdaşlığa çağırıb

Mətn Ölçüsü

Korrupsiya cinayətləri nəticəsində əldə edilən gəlirlərin müəyyənləşdirilməsi və izlənilməsi üçün dövlətlər arasında məlumat mübadiləsinin genişləndirilməsi, hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq mexanizmlərindən daha səmərəli istifadə olunması vacibdir. Bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qarşılıqlı fəaliyyətinin artırılması təklif olunur.

PostNews xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim Əl-Kəhmus Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirib. Bakı görüşü isə üzv dövlətlərin bu sahədə birgə səylərinin əlaqələndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Korrupsiya gəlirlərinin izlənilməsi üçün məlumat mübadiləsi gücləndirilməlidir

Mazin bin İbrahim Əl-Kəhmus bildirib ki, korrupsiya cinayətlərindən əldə olunan gəlirlərin aşkar edilməsi və izlənilməsi dövlətlər arasında koordinasiyalı fəaliyyət tələb edir.

Onun sözlərinə görə, üzv ölkələr arasında qəbul edilən qərarlar və qətnamələr korrupsiyaya qarşı mübarizədə ortaq məqsədlərə nail olmaq istiqamətində siyasi iradəni əks etdirir.

“Qəbul olunan qətnamələr üzv dövlətlərin bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq iradəsini əks etdirir. Üzv dövlətləri cinayət gəlirlərinin müəyyənləşdirilməsi və izlənilməsi üçün əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsinə yönəlmiş qətnamə layihəsini dəstəkləməyə çağırıram”, – deyə Nazaha prezidenti vurğulayıb.

O, korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlıq şəbəkəsi olan GlobE-yə qoşulmağın əhəmiyyətini də qeyd edib.

İƏT ölkələri Məkkə Konvensiyasına qoşulmağa çağırılıb

Nazaha prezidenti korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi məsələsinə də toxunub.

O, bir sıra dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Məkkə Konvensiyasını ratifikasiya etməsini müsbət qiymətləndirib.

Mazin bin İbrahim Əl-Kəhmus sənədə hələ qoşulmayan İƏT üzvlərini Konvensiyanı imzalamağa, ratifikasiya etməyə və müvafiq əməkdaşlıq mexanizmlərində iştirak etməyə çağırıb.

Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlar üzv dövlətlər arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi və korrupsiya cinayətləri ilə mübarizədə birgə fəaliyyətin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanda korrupsiyanın ölçülməsinə dair seminar keçirilib

Mazin bin İbrahim Əl-Kəhmus yüksək səviyyəli görüşdən əvvəl korrupsiyanın ölçülməsi mövzusunda təşkil olunan seminara da diqqət çəkib.

O, tədbirin keçirilməsinə görə Azərbaycanın Baş Prokurorluğuna, Birləşmiş Millətlər Təşkilatına və İƏT-in Baş Katibliyinə təşəkkür edib.

Nazaha prezidenti seminarın korrupsiyanın ölçülməsi sahəsində yanaşmaların təkmilləşdirilməsinə, mübarizə tədbirlərinin gücləndirilməsinə və üzv dövlətlərin milli strategiyalarının inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Korrupsiyaya qarşı mübarizə görüşünə sədrlik Azərbaycana keçib

Səudiyyə Ərəbistanının nümayəndəsi əvvəlki, ikinci yüksək səviyyəli görüşə sədrlik dövründə göstərdiyi səylərə görə Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının prezidenti Həməd bin Nasser Əl-Misnədə təşəkkür edib.

O, Azərbaycanın Baş prokuroru Kamran Əliyevi görüşə sədrliyin Azərbaycana keçməsi münasibətilə təbrik edib.

Mazin bin İbrahim Əl-Kəhmus tədbirin təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana, əlaqələndirmə fəaliyyətinə görə isə İƏT-in Baş Katibliyinə minnətdarlığını ifadə edib.

Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib

Nazaha prezidenti çıxışında regional təhlükəsizlik məsələlərinə də toxunub.

O, husilərin Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanlara, hava limanına və mülki obyektlərə hücumlarını pisləyərək bu hərəkətləri beynəlxalq hüququn və ölkəsinin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

“Səudiyyə Ərəbistanının öz ərazisini, xalqını və ölkədə yaşayan şəxsləri müdafiə etmək hüququnu vurğulayırıq. Krallıq öz maraqlarını qorumaq üçün beynəlxalq hüquqa uyğun bütün tədbirləri görəcək”, – deyə Mazin bin İbrahim Əl-Kəhmus əlavə edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri