İpoteka və Kredit Zəmanət Fondu çərçivəsində satmaq öhdəliyi ilə kirayə mexanizmi uğurla davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrasını uğurla davam etdirir.
Fondun məlumatına görə, 2025-ci il ərzində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda 5 ünvanda yerləşən yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillər təqdim edilib və 2813 kirayə müqaviləsi rəsmiləşdirilib.
2026-cı il yanvarın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə indiyədək 9070 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60%-dən çoxu gənclər və gənc ailələr təşkil edir.
İndiyədək Fond tərəfindən 17 ünvanda mənzillər təqdim olunub: onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü Sumqayıt şəhərində yerləşir. Təklif edilən mənzillər geniş həyətyanı sahəyə malik olub, əsas infrastruktur obyektlərə – məktəb, bağça, səhiyyə ocaqlarına – yaxın komplekslərdə yerləşir.
Bütün mənzillər yeni və müasir tikinti materialları ilə yüksək səviyyədə təmir olunub, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.
