Taleh Kazımov: Azərbaycanın valyuta ehtiyatları 40 aylıq idxalı qarşılaya bilər

Mətn Ölçüsü

Azərbaycanın strateji valyuta ehtiyatları mal və xidmətlərin 40 aylıq idxalını maliyyələşdirməyə kifayət edir. Ehtiyatların həcmi 4,3 milyard dollar artaraq 89,4 milyard dollara yüksəlib.

PostNews xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Kazımov bildirib ki, cari ilin ötən dövründə Azərbaycanın xarici sektoru üçün əlverişli şərait müşahidə olunub. Gömrük statistikasına görə, xarici ticarət balansında müsbət saldo 10,5 milyard ABŞ dollarına çatıb. Cari əməliyyatlar balansı isə 4,7 milyard dollar və ya ÜDM-in 3,4%-i həcmində olub.

AMB sədri strateji valyuta ehtiyatlarının artımını ölkənin xarici iqtisadi şoklara qarşı maliyyə dayanıqlılığını gücləndirən amil kimi təqdim edib.

“Ölkəmizin strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dollarına çatıb. Bu, kifayət qədər böyük maliyyə buferidir”, – deyə o bildirib.

Taleh Kazımovun sözlərinə görə, tədiyə balansı statistikası ehtiyatların mal və xidmətlər idxalının 40 ayını maliyyələşdirə biləcəyini göstərir. Dünya təcrübəsində üç aylıq idxalı qarşılamaq kifayət hesab olunur.

“Bizdə isə bu müddət 40 aydır ki, bu da kifayət qədər böyük maliyyə buferidir”, – deyə AMB sədri vurğulayıb.

O əlavə edib ki, strateji valyuta ehtiyatlarının geniş pul kütləsinə nisbəti 12,4 dəfə təşkil edir. Kazımov bu göstəricini yüksək qiymətləndirib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri