PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, liderlik, təşkilati mədəniyyət və əməkdaşların peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməsi nəticəsində Böyük Britaniyanın “Investors in People” təşkilatının “We Invest in People – Silver” (Gümüş) akkreditasiyasına layiq görülüb.
PostNews xəbər verir ki, İSB akkreditasiya proqramında ilk dəfə iştirak etməsinə baxmayaraq, birbaşa “Silver” səviyyəsini əldə edib.
Böyük Britaniyada təsis edilmiş “Investors in People” təşkilatı müxtəlif qurumların insan kapitalının idarə edilməsi, liderlik, əməkdaşların inkişafı və korporativ mədəniyyət sahələrində fəaliyyətini beynəlxalq meyarlar əsasında qiymətləndirir.
Təşkilatın “We Invest in People” akkreditasiya proqramı “Standard”, “Silver”, “Gold” və “Platinum” olmaqla dörd səviyyədən ibarətdir.
İSB-nin idarəetmə təcrübələri beynəlxalq meyarlarla qiymətləndirilib
Akkreditasiya prosesi çərçivəsində Büronun insan kapitalının idarə edilməsi və təşkilati inkişaf sahəsində tətbiq etdiyi mexanizmlər kompleks şəkildə təhlil olunub.
Qiymətləndirmə zamanı liderlik yanaşmaları, strateji məqsədlərin əməkdaşlara çatdırılması, fəaliyyət nəticələrinin qiymətləndirilməsi, motivasiya mexanizmləri, təlim və karyera inkişafı imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, əməkdaşların qərarvermə proseslərində iştirakı, daxili kommunikasiya və komanda əməkdaşlığı sahəsində mövcud təcrübələr də qiymətləndirilib.
Beynəlxalq qiymətləndirmənin nəticələri İSB-nin korporativ mədəniyyətini, əməkdaşlıq mühitini və təşkilati inkişaf potensialını ön plana çıxarıb.
İnsan kapitalının inkişafı İSB-nin strateji prioritetləri sırasındadır
İcbari Sığorta Bürosu insan kapitalının inkişafını rəqəmsal transformasiya, texnoloji innovasiyaların tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə əlaqələndirir.
Bu istiqamətdə əməkdaşların bilik və bacarıqlarının artırılması, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, fəaliyyət nəticələrinin qiymətləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi üzrə idarəetmə mexanizmləri təkmilləşdirilir.
Büro həmçinin əməkdaşların motivasiyasının gücləndirilməsinə, daxili kommunikasiyanın inkişafına və təşkilati proseslərdə iştirak imkanlarının artırılmasına xüsusi diqqət yetirir.
İSB peşəkar inkişaf imkanlarını genişləndirməyi planlaşdırır
Beynəlxalq akkreditasiyanın nəticələrini nəzərə alan İcbari Sığorta Bürosu insan kapitalının idarə edilməsi sahəsində fəaliyyətini davam etdirməyi hədəfləyir.
Növbəti mərhələdə liderlik bacarıqlarının gücləndirilməsi, əməkdaşların idarəetmə və qərarvermə proseslərində iştirakının artırılması, eləcə də təlim və karyera inkişafı imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Büro bu tədbirlərlə təşkilati inkişafın davamlılığını təmin etməyi, əməkdaşların peşəkar potensialını artırmağı və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksəltməyi qarşıya məqsəd qoyur.


