1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25,987 milyard manat təşkil edib. Bu göstərici 2025-ci il üzrə 129,094 milyard manat məbləğində qeydə alınmış ümumi daxili məhsulun (ÜDM) 20,1 faizinə bərabər olub.
PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, eləcə də beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri üzrə faktiki istifadə olunmuş hissə nəzərə alınmaqla xarici dövlət borcu 4,813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizi səviyyəsində formalaşıb.
Hesabat dövrünə daxili dövlət borcunun həcmi isə 17,804,5 milyon manat təşkil edib ki, bu da ÜDM-in 13,8 faizi deməkdir.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2,399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. İl ərzində dövlət borcuna xidmət xərcləri üzrə faktiki olaraq 2,099,5 milyon manat vəsait ödənilib.
Bu məbləğin 757,0 milyon manatı daxili dövlət borcunun payına düşüb. Bunun 136,8 milyon manatı əsas borc, 620,2 milyon manatı isə faiz borcu üzrə ödənişlər olub.
Xarici dövlət borcu üzrə isə ümumilikdə 1,342,5 milyon manat məbləğində ödəniş həyata keçirilib. Həmin vəsaitin 959,7 milyon manatı əsas borcun, 382,8 milyon manatı isə faiz borcunun ödənilməsinə yönəldilib.
Nəticədə, 2025-ci il üzrə dövlət büdcəsinin borca xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşıb.
