Ötən il fevralın 1-dən minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.
PostNews xəbər verir ki, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev Bakıda keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, 2025-ci ildə ölkədə növbəti sosial islahat zərfi 3 milyon vətəndaşı əhatə edib, bu isə 2018-ci ildən həyata keçirilən beşinci sosial islahatdır.
Zəka Mirzəyev bildirib ki, illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb və bu islahat çərçivəsində ötən il əməkhaqları, pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib. Keçən ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və 1,1 milyon pensiyaçını əhatə edən bu artımlar üçün illik əsasda 520 milyon manat vəsait ayrılıb. Həmçinin fərdi şəxsi hesablardakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb.
