Ötən il dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 135,3 milyon manat daxil olub.
PostNews İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 26,4 milyon manat və ya 24,2% çoxdur. Ümumilikdə isə dövlət əmlakının özəlləşdirilməsi üzrə illik büdcə proqnozunun icrası 123% səviyyəsində təmin olunub.
Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58 hərrac təşkil edilib. Hərraclarda iştirak etmək üçün ümumilikdə 2.446 sifariş qəbul olunub. “Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulma qeydə alınıb və hərraca çıxarılan əmlaklar üzrə 644 elektron sifariş daxil olub.
Dövlət əmlakının icarəyə verilməsi sahəsində də müsbət dinamika müşahidə edilib. Belə ki, 2025-ci il ərzində 4.957 yeni icarə müqaviləsi bağlanılıb. Onlardan 621-i qeyri-yaşayış sahələri, 4.336-sı isə torpaq sahələri üzrədir.
Daşınmaz dövlət əmlakının icarəsindən ötən il dövlət büdcəsinə 46,2 milyon manat daxil olub ki, bu da 2024-cü illə müqayisədə 8,6 milyon manat və ya 23% artım deməkdir. Hesabat dövründə icarə üzrə illik büdcə proqnozunun icrası 135,9% səviyyəsində olub.
Torpaqların idarə olunması və istifadəsinə dövlət nəzarəti çərçivəsində də tədbirlər davam etdirilib. 2025-ci ildə ölkə üzrə 25.964 torpaq monitorinqi aparılıb. Torpaq Məcəlləsinin tələblərini pozan fiziki və hüquqi şəxslər barəsində 1.266 inzibati protokol tərtib edilib və 585 min manat məbləğində cərimə tətbiq olunub.
