Şanlıurfanın qədim tarixi və zəngin mədəniyyəti Bakıda təqdim olunur

Mətn Ölçüsü

Bakının tarixi İçərişəhər ərazisində “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” adlı iki günlük proqram keçirilir.

PostNews xəbər verir ki, tədbir Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Mədəniyyət günlərinin əsas məqsədi Şanlıurfanın qədim tarixini və zəngin mədəni irsini Azərbaycan ictimaiyyətinə daha yaxından tanıtmaq, Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi və mədəni bağları möhkəmləndirmək və qarşılıqlı mədəni mübadiləni genişləndirməkdir.

Proqram çərçivəsində Şanlıurfanın minilliklərə söykənən tarixi, zəngin mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqi mədəniyyəti Bakı sakinləri və şəhərin qonaqlarına təqdim olunur.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, Bakı Yunus Əmrə İnstitutunun sədr müavini Ömer Yıldız, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, hər iki ölkənin nümayəndə heyətləri, mədəniyyət xadimləri və media mənsubları iştirak edir.

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar bildirib ki, tədbir şəhərin tarixi və mədəni potensialının Azərbaycanda tanıdılması baxımından mühüm platformadır.

“Proqram çərçivəsində Şanlıurfanın minilliklərə söykənən tarixi, zəngin mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqi mədəniyyəti Bakı sakinləri və şəhərin qonaqlarına təqdim olunacaq”.

İki günlük proqram çərçivəsində İçərişəhər Meydanında Göbeklitepe, Karahantepe və Şanlıurfanın tarixi, təbii və mədəni dəyərlərini əks etdirən foto sərgiləri də təşkil olunur.

Bakı Yunus Əmrə İnstitutunun sədr müavini Ömer Yıldız qeyd edib ki, mədəniyyət günləri çərçivəsində ziyarətçilər Şanlıurfaya məxsus yerli məhsullar, ənənəvi sənətkarlıq nümunələri və suvenirlərlə tanış olmaq, şəhərin özünəməxsus milli mətbəxindən nümunələri dadmaq imkanı əldə edirlər.

O bildirib ki, tədbirin mədəni proqramında şəhərin folklor və musiqi ənənələri xüsusi yer tutur:

“Mədəni proqramın mühüm hissəsini Şanlıurfanın zəngin folklor və musiqi ənənələrini əks etdirən konsertlər, xalq rəqsləri və Sıra Gecəsi təşkil edəcək. Bununla yanaşı, ziyarətçilərə Şanlıurfanın əsrlər boyu formalaşmış mədəni ənənələri və sənət nümunələri də təqdim olunacaq. Təşəbbüsün əsas məqsədi Şanlıurfanın qədim tarixinin və zəngin mədəni irsinin Azərbaycan ictimaiyyətinə daha yaxından tanıdılması, iki qardaş xalq arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsidir”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva vurğulayıb ki, “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi və mədəni bağların daha da möhkəmləndirilməsi, Şanlıurfanın mədəniyyət və turizm imkanlarının Azərbaycanda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Şanlıurfa mədəniyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət sərginin də açılışı keçirilir.

Sərgidə dünya miqyasında tanınan avstriyalı sənətçinin iki ay ərzində Şanlıurfada apardığı fəaliyyət nəticəsində ərsəyə gələn müəllif işləri nümayiş olunur. Fotoəsərlərdə Şanlıurfanın Göbeklitepe və Karahantepe kimi qədim tarixi məkanları, şəhərin zəngin mədəni irsi, adət-ənənələri və özünəməxsus ruhu əks olunur.

Mətbuat konfransında diqqətə çatdırılıb ki, Şanlıurfa qədim tarixi və zəngin mədəni irsi ilə Türkiyənin mühüm mədəniyyət və turizm mərkəzlərindən biridir. Dünyanın ən qədim monumental tikililərindən biri hesab olunan Göbeklitepe, Karahantepe, tarixi Harran və şəhərin mühüm simvollarından biri olan Balıklıgöl Şanlıurfanın zəngin tarixi irsinin əsas nümunələri sırasında yer alır.

Şəhər özünəməxsus milli mətbəxi, folkloru və musiqi ənənələri ilə də seçilir.

Qeyd edək ki, “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” 5–6 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində, İçərişəhər Meydanında keçirilir. Tədbirin rəsmi açılış proqramı sentyabrın 5-də saat 18:00-da baş tutur.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri