ABŞ çatdırılma xidmətində gizli alqoritmlər və kuryerlərin istismarı

Mətn Ölçüsü

Qərb mənşəli iri çatdırılma platformasında çalışan və işdən ayrılmaq üzrə olan bəkend (backend) kod yazılımı mühəndisi şirkətin daxili alqoritmləri, biznes mexanizmləri və kuryerlərlə bağlı tətbiqləri barədə ətraflı açıqlamalar verib. O bildirib ki, həftəlik sprint planlaşdırma iclaslarında məhsul menecerləri kuryerləri məlumat bazalarında “insan aktivləri” kimi qeyd edir və əsas məqsəd bu “aktivlər” üzərindən əlavə 0,4% marja əldə etmək olur.

Redaksiya Reddit-də Trowaway_whistleblow adlı istifadəçisi tərəfindən dərc edilən məlumata istinadla xəbər verir ki, proqramçının sözlərinə görə “Sürətli çatdırılma” xidməti tamamilə aldadıcı xarakter daşıyır. Müştəri əlavə olaraq 2,99 ABŞ dolları ödədikdə sifarişin (JSON) alqoritm obyektində sadəcə bir vizual (boolean) bayraq dəyişir, lakin sifarişlərin həqiqi dispetçerləşdirilməsi məntiqi bu göstəricini tamamilə nəzərə almır və çatdırılma müddəti real olaraq sürətlənmir. Şirkət daxilində bu xidmət “psixoloji dəyər əlavəsi” kimi təqdim olunur.

Açıqlamada qeyd olunur ki, ötən il A/B testləri aparılıb və bu testlər zamanı “sürətli” sifarişlər sürətləndirilməyib. Əksinə, adi sifarişlər qəsdən 5–10 dəqiqə gecikdirilib ki, “sürətli” sifarişlər onların fonunda daha sürətli görünsün. Bu yanaşma rəhbərlik tərəfindən müsbət qarşılanıb və nəticədə premium xidməti yaxşılaşdırmadan standart xidmətin pisləşdirilməsi hesabına milyonlarla xalis gəlir əldə edilib.

Proqramçının sözlərinə görə, onu işdən ayrılmağa vadar edən əsas səbəb “Ümidsizlik indeksi” adlanan gizli daxili metrik olub. Bu metrik kuryerlərin sifariş qəbul etmə davranışını analiz edərək onların maddi cəhətdən nə dərəcədə çətin vəziyyətdə olduğunu müəyyənləşdirir. Məsələn, kuryer adətən saat 22:00-da onlayn olur və tərəddüd etmədən 3 ABŞ dolları məbləğində zəif sifarişləri dərhal qəbul edirsə, sistem onu “yüksək ümidsizlik” statusu ilə işarələyir.

Bu statusdan sonra alqoritm həmin kuryerə qəsdən yüksək ödənişli sifarişləri göstərmir. Daxili məntiq belə formalaşdırılıb: əgər bir kuryerin 6 ABŞ dollarına da sifarişi yerinə yetirəcəyi məlumdursa, ona niyə 15 ABŞ dolları ödənilsin ki?! Yaxşı çaypulu (bəxşiş) olan sifarişlər isə “təsadüfi” kuryerlərə ötürülür ki, proses oyunlaşdırılsın və ümid hissi yaradılsın, tam ştat işləyən kuryerlər isə uzun müddətdə tamamilə tükəndirilir.

Açıqlamada həmçinin qəbzlərdə göstərilən 1,50 ABŞ dolları məbləğində “Tənzimləməyə Cavab haqqı” və ya “Kuryerlər üçün güzəşt haqqı”na toxunulub. Formul elə qurulub ki, müştərilərdə bu vəsaitin işçilərə kömək məqsədi daşıdığı təəssüratı yaransın. Əslində isə bu pullar birbaşa korporativ “qara fond”a yönəldilir və kuryerlərin həmkarlar ittifaqlarına qarşı lobbiçilik aparan hüquqşünasların maliyyələşdirilməsinə sərf olunur.

Proqramçı bildirib ki, şirkətdə “Siyasətin qorunması” adlı ayrıca daxili xərc mərkəzi mövcuddur və qeyd olunan 1,50 ABŞ dolları məhz bu mərkəzi maliyyələşdirir. Onun sözlərinə görə, müştərilər faktiki olaraq kuryerin evsiz qalmaması üçün deyil, əksinə, kuryerlərin hüquqlarına qarşı mübarizə aparan bahalı hüquqi komandalar üçün ödəniş etmiş olurlar.

Çaypulu mexanizmi isə proqramçı tərəfindən “Çaypulu oğurluğu 2.0” kimi xarakterizə edilib. Şirkət artıq çaypulusunu birbaşa mənimsəmir, çünki bu səbəbdən məhkəmə çəkişmələri olub. Bunun əvəzinə prediktiv modelləşdirmə tətbiq edilir və müştərinin səxavətli olub-olmadığı əvvəlcədən proqnozlaşdırılır. Əgər sistem müştərinin 10 ABŞ dolları çaypulu verəcəyini ehtimal edirsə, kuryerə cəmi 2 ABŞ dolları baza ödənişi təklif olunur. Çaypulu verməyən müştərilər üçün isə ümumiyyətlə sifarişin yerinə yetirilməsi məqsədilə 8 ABŞ dolları baza ödənişi müəyyən edilir. Nəticədə müştərinin səxavəti kuryeri mükafatlandırmır, şirkətin xərclərini subsidiyalaşdırır və kuryerin maaşı faktiki olaraq müştərinin hesabına ödənilmiş olur.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti