Hörmüz boğazından keçən gəmiçilik üçün yaranan risklər Xəzər ixrac dəhlizlərinin və Cənubi Qafqazın tranzit şəbəkəsinin əhəmiyyətini artırır.
PostNews xəbər verir ki, “Moody’s”in hesabatına görə, bu vəziyyət alternativ enerji və ticarət marşrutlarına tələbi artırır.
“Hörmüz boğazından keçən gəmiçilik üçün yaranan risklər Xəzər ixrac dəhlizləri və Cənubi Qafqazın tranzit şəbəkəsi də daxil olmaqla alternativ enerji və ticarət marşrutlarının əhəmiyyətini artırır. Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) hazırda ticarət axınlarının istiqamətinin dəyişməsindən faydalanır. Bu isə regionda dəmir yolu və logistika operatorlarının inkişafı üçün imkanlar yaradır”, – deyə hesabatda bildirilir.
Bununla yanaşı, “Moody’s” Orta Dəhlizin potensialının reallaşdırılmasının əhəmiyyətli investisiyalar tələb edəcəyini qeyd edir.
Agentliyə görə, layihələrin icrası və borc yükünün artması ilə bağlı risklər də mövcuddur. Bundan əlavə, dəhlizin potensialının tam reallaşdırılması Xəzər dənizinin keçidində mövcud “darboğazların” aradan qaldırılmasından asılı olacaq.
Yaxın Şərqdəki münaqişənin regiona təsiri neytral qiymətləndirilir
“Moody’s”in qiymətləndirməsinə görə, Yaxın Şərqdə davam edən münaqişənin Mərkəzi Asiya və Qafqaz (MAQ) ölkələrinin bank və şirkətlərinə birbaşa təsiri, ümumilikdə, neytral olacaq.
Hesabatda bu mövqenin MAQ ölkələrinin Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrdən karbohidrogen idxal etməməsi və Körfəz ölkələri ilə birbaşa ticarət əlaqələrinin məhdud qalması ilə əsaslandırıldığı bildirilir.
Bununla belə, Azərbaycanın enerji infrastrukturu və aviasiya sektoru münaqişə zonasına yaxınlıq səbəbindən potensial risklərlə üzləşə bilər. “Moody’s” hazırda bu riskləri aşağı qiymətləndirir.
Neft bahalaşması Azərbaycan və Qazaxıstana dəstək verir
“Moody’s” bildirir ki, Yaxın Şərqdəki münaqişə Azərbaycan və Qazaxıstan da daxil olmaqla neft ixrac edən ölkələrə ümumilikdə əlverişli təsir göstərir.
Neft qiymətlərinin yüksəlməsi ixrac gəlirlərini artırır və dövlət maliyyəsini gücləndirir.
“Neft-qaz sektorunda dəyər zəncirinin bütün həlqələri üzrə şirkətlərin daha yüksək gəlirləri və likvidliyi ilə yanaşı, bu amil dövlət xərclərini və yeni inkişaf proqramlarını dəstəkləyir, nəticədə bankların və şirkətlərin fəaliyyət şəraiti yaxşılaşır”, – deyə hesabatda vurğulanır.
İnflyasiya region üçün dolayı risk yaradır
“Moody’s” analitikləri Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatlarının geosiyasi hadisələrin yaratdığı dolayı risklərlə əsasən inflyasiya vasitəsilə üzləşdiyini bildirirlər.
Enerji daşıyıcılarının, ərzağın və digər resursların qiymətlərinin yüksəlməsi pul-kredit siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrinin və borclanma xərclərinin yüksək səviyyədə qalmasına səbəb ola bilər.
“Kreditləşməsində fiziki şəxslərin və kiçik və orta biznesin payı əhəmiyyətli olan banklar inflyasiya təzyiqinə xüsusilə həssasdır. İnflyasiyanın hazırda yüksək olan səviyyələrdən daha da artması halında Qazaxıstanın bank sektoru xüsusilə həssas vəziyyətə düşə bilər, çünki bu, əhalinin alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacaq”, – deyə hesabatda qeyd olunur.
Yüksək faizlər bankların fəaliyyətinə təzyiq göstərə bilər
“Moody’s”in qiymətləndirməsinə əsasən, davam edən qiymət təzyiqləri və kreditlər üzrə yüksək faiz dərəcələri kreditlərə tələbi və borcalanların borclarını ödəmək imkanlarını məhdudlaşdırır.
Bu amillər bankların fəaliyyət şəraitinin yaxşılaşmasını da ləngidə bilər.
Hesabatda yüksək faiz dərəcələrinin uzun müddət davam etməsinin Qırğızıstan banklarına da müəyyən təzyiq göstərə biləcəyi vurğulanır.
“Yüksək faiz dərəcələrinin uzun müddət davam etməsi Qırğızıstan banklarına da müəyyən təzyiq göstərə bilər. Burada iri və sürətlə böyüyən pərakəndə kredit portfelləri ev təsərrüfatlarının maliyyə vəziyyətindəki dəyişikliklərə həssaslığı artırır”, – deyə “Moody’s”in hesabatında bildirilir.
