Dünyanın aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri ölkəmizin etibarlı və balanslı siyasətinin nəticəsidir
Bu gün Azərbaycanın beynəlxalq mövqeyi və geosiyasi çəkisi bizə nadir üstünlüklər qazandırıb. Dünyanın aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri ölkəmizin etibarlı və balanslı siyasətinin nəticəsidir. İmzalanan hərtərəfli Strateji Tərəfdaşlıq sənədləri Azərbaycanın qlobal miqyasda artan rolunun göstəricisidir. Bu format ölkəmizə həm siyasi, həm iqtisadi, həm də texnoloji əməkdaşlıq baxımından geniş imkanlar açır. Belə bir üstünlüyə malik olmaq böyük məsuliyyət də yaradır. Dünyada həm Qərb, həm Şərq güc mərkəzləri ilə eyni vaxtda strateji tərəfdaşlıq formatında işləyə bilən ölkələrin sayı çox azdır. Bu üstünlükdən maksimum səmərə ilə istifadə etmək üçün koordinasiyalı və sistemli fəaliyyət zəruridir. Əks halda, mövcud imkanlar reallaşdırılmamış potensial olaraq qala bilər ki, bu da qəbuledilməzdir.
Məhz buna görə artıq bir müddətdir ki, bu istiqamətdə işlərin vahid koordinasiyası məsələsi müzakirə edilir. Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki nitqi ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edən mühüm proqram xarakterli çıxış kimi qiymətləndirilə bilər. Ali səviyyədə aparılan fikir mübadiləsi göstərir ki, məsələ təsadüfi və epizodik yanaşma ilə deyil, strateji planlaşdırma çərçivəsində həll olunacaq, prioritet elan edilmiş bu sahə üzrə konkret və icra mexanizmləri aydın olan fəaliyyət planı hazırlanacaqdır. Bu plan yalnız ümumi niyyətləri deyil, konkret hədəfləri, icra müddətlərini, məsul qurumları və gözlənilən nəticələri özündə ehtiva etməlidir. Birinci növbədə, dövlət qurumları arasında sıx koordinasiya təmin olunmalıdır. Pərakəndə fəaliyyət, paralel təşəbbüslər və informasiya boşluqları strateji istiqamətlərdə səmərəliliyi azaldır. Bütün dövlət strukturları vahid məqsədə xidmət etməli, məlumat mübadiləsi operativ və sistemli şəkildə aparılmalıdır. Bu baxımdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mərkəzi əlaqələndirici qurum kimi çıxış etməli, digər dövlət orqanları ilə birlikdə qısa müddət ərzində tədbirlər planını hazırlayaraq təqdim etməlidir.
Cənab Prezident nitqində bundan əlavə, dövlət qurumları arasında müntəzəm hesabat mexanizminin tətbiq olunmalı olduğunu vurğuladı. Rəqəmsal transformasiya üzrə görülən işlər dövri olaraq qiymətləndirilməli, nəticələr təhlil edilməli və lazım gəldikdə korrektələr aparılmalıdır. Bu proses yalnız texniki deyil, həm də strateji nəzarət mexanizmi kimi işləməlidir.
Azərbaycanın malik olduğu beynəlxalq tərəfdaşlıq üstünlükləri, geosiyasi mövqeyi və siyasi iradəsi bu sahəyə güclü təkan vermək üçün unikal zəmin yaradır. İndi əsas məsələ bu üstünlükləri sistemli idarəetmə, vahid koordinasiya və konkret fəaliyyət planı vasitəsilə real nəticələrə çevirməkdir. Dövlət qurumları arasında sıx əməkdaşlıq və institusional məsuliyyət bölgüsü təmin edildiyi halda, ölkə qısa müddətdə rəqəmsal inkişaf və texnoloji modernləşmə sahəsində yeni mərhələyə qədəm qoya bilər.
Şakir Bəşirov
Neftçala rayonu

