Ölkənin birinci bankı 2025-ci ili 315 milyon manat xalis mənfəətlə başa vurdu

Mətn Ölçüsü

Ölkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyə hesabatını təqdim edib.

PostNews xəbər verir ki, 31 dekabr 2025-ci il tarixinə bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb. Qeyd edək ki, 2024-cü ildə bu göstərici 1 milyard 474 milyon 908 min manat olub. Bu nəticə ilə Kapital Bank bank sektorunda lider mövqeyini qoruyub və son 3 ilin ən yüksək artım tempinə nail olub.

Məcmu gəlirlərin artımı həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəliş hesabına baş verib. Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artaraq 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib.
Qeyri-faiz gəlirləri isə 12,3% artaraq 701 milyon 592 min manata yüksəlib. Ötən il bu rəqəm 624 milyon 651 min manat olub.

Bankın xalis mənfəəti də əhəmiyyətli artım nümayiş etdirib. 2025-ci ildə Kapital Bank 315 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü ildəki 186 milyon 501 min manatlıq göstəricidən 68,9% çoxdur.

Kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb. 2024-cü ildə bu göstərici 5 milyard 211 milyon 207 min manat olub. Artım əsasən istehlak və biznes kreditləri, xüsusilə istehlak kreditləri hesabına formalaşıb.

2025-ci ildə bankın cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 7,7% azalma deməkdir.
Hüquqi şəxslərin depozitləri 5 milyard 151 milyon 830 min manat, fiziki şəxslərin depozitləri isə 20,9% artaraq 3 milyard 136 milyon 823 min manat olub.

Bankın kapitalı 27% artaraq 1 milyard 178 milyon 338 min manata yüksəlib. 2024-cü ildə bu göstərici 927 milyon 943 min manat idi. Kapitalın adekvatlıq əmsalı 14,14% təşkil edərək sistem əhəmiyyətli banklar üçün tələb olunan 12,5%-lik normanı üstələyib.

Bununla yanaşı, I dərəcəli kapitalın adekvatlıq əmsalı 9,86%-ə yüksəlib ki, bu da bankın maliyyə dayanıqlılığını və risklərin effektiv idarə olunmasını təsdiqləyir.

Qeyd edək ki, Kapital Bank PAŞA Holding-ə daxildir və ölkə üzrə 115 filial və 52 şöbə ilə ən geniş bank şəbəkəsinə malikdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti