Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 56 928 borcalana ümumilikdə 3 milyard 767 milyon manat həcmində kredit vəsaiti ayrılıb.
PostNews xəbər verir ki, bu barədə Fondun yaydığı rəsmi məlumatda bildirilir. Açıqlamaya əsasən, indiyə qədər 684,2 milyon manat məbləğində biznes kreditlərinə dövlət zəmanəti verilib. Eyni zamanda, 9 080 mənzil kirayəyə vermək mexanizmi vasitəsilə vətəndaşların istifadəsinə təqdim olunub.
Məlumatda qeyd olunur ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşdirilməsi nəticəsində yaradılıb və hər iki qurumun hüquqi varisi hesab olunur.
Fond hazırda milli maliyyə institutlarına uzunmüddətli, subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi, eləcə də biznes subyektlərinin ucuz maliyyə resurslarına çıxışının təmin edilməsi məqsədilə likvidlik dəstəyi göstərən dövlət agenti kimi fəaliyyətini davam etdirir.

