2025-ci il üzrə Azərbaycan dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 20,303 milyard manat təşkil edib və bu göstərici 2024-cü illə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çox olub. Qeyri-neft-qaz daxilolmaları dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil edib.
PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Hesabat ilində qeyri-neft-qaz daxilolmalarının strukturu belə olub:
- 12,006,1 milyon manat və ya 59,1 faizi vergi orqanlarının xətti ilə daxilolmalar,
- 6,370 milyon manat və ya 31,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmalar,
- 679,7 milyon manat və ya 3,3 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar,
- 1,200,8 milyon manat və ya 5,9 faizi sair daxilolmalar,
- 46,2 milyon manat və ya 0,3 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.
2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə:
- vergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və ya 8,9 faiz artıb,
- dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar 120,8 milyon manat və ya 10,7 faiz,
- dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 131,8 milyon manat və ya 24,1 faiz çox icra olunub.
Bu göstəricilər göstərir ki, qeyri-neft-qaz sektoru dövlət büdcəsinin gəlirlərində əsas dayaq rolunu oynamağa davam edir və vergi, gömrük və ödənişli xidmətlər üzrə daxilolmaların artımı iqtisadiyyatın diversifikasiyasına müsbət təsir göstərir.

