Cənubi Qafqazda iqtisadi artım 2026–2027-ci illərdə zəifləyəcək

Mətn Ölçüsü

Cənubi Qafqaz ölkələrində iqtisadi artımın yaxın iki il ərzində zəifləyəcəyi gözlənilir.

PostNews xəbər verir ki, məlumat Dünya Bankının “Global Economic Prospects 2026” adlı yanvar hesabatına istinadən təqdim olunub.

Hesabata görə, regionda real ÜDM-in artımı 2026-cı ildə 3,3%, 2027-ci ildə isə 3,1% olacaq, bu da 2025-ci il üçün proqnozlaşdırılan 3,7%-dən aşağıdır. Sənəddə qeyd olunur ki, 2023-cü ildə Cənubi Qafqaz iqtisadiyyatı 4% artmış, 2024-cü ildə isə artım sürətlənərək 5,8%-ə çatmışdır.

Hesabatda bildirilir: “Cənubi Qafqazda artımın 2026-cı ildə 3,3%-ə, 2027-ci ildə isə 3,1%-ə yavaşlaması gözlənilir”.

Azərbaycanda iqtisadi fəallığın neft-qaz hasilatının azalması, dünya bazarında neft qiymətlərinin düşməsi və sərt fiskal siyasət səbəbindən məhdud olacağı proqnozlaşdırılır.

Ermənistan və Gürcüstanda isə artımın mülayim yavaşlaması gözlənilir. Hesabatda qeyd olunur ki, özəl istehlak əvvəlki illərin yüksək səviyyəsindən normal səviyyəyə qayıdır, həmçinin zəif pul köçürmələri və ixrac gəlirlərinin azalması cari əməliyyatlar balansına təzyiq göstərəcək.

Dünya Bankı vurğulayıb ki, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh sazişi mətninin paraflanması regional sabitliyi möhkəmləndirəcək və iqtisadi inteqrasiyanı dərinləşdirəcək, bu da uzunmüddətli artım perspektivlərinə dəstək olacaq.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti