Azərbaycanda şəbəkə market bumu: yeni mağazalar necə yaranır və idarə olunur?

Mətn Ölçüsü

PostNews – Son illər Azərbaycanda pərakəndə ticarət sektorunda, xüsusilə şəbəkə marketlər sahəsində nəzərəçarpacaq canlanma müşahidə olunur. Demək olar ki, hər gün yeni mağazaların açılması, mövcud şəbəkələrin genişlənməsi və hətta yeni brendlərin bazara daxil olması artıq bu sahədə müəyyən bir tendensiyaya çevrilib. Bu gün əhalinin gündəlik tələbatını ödəyən əsas xidmət sahələrindən biri məhz şəbəkə marketləridir və bu sektor həm məşğulluq, həm də iqtisadi dövriyyə baxımından mühüm rol oynayır.

Bəs bu qədər sürətlə artan marketlər əslində necə qurulur? Yeni bir mağazanın açılması üçün hansı mərhələlərdən keçilir, məhsulların yerləşdirilməsi, mağazanın dizaynı və təmiri hansı prinsiplərlə həyata keçirilir? Şəbəkə sisteminin uğurlu olması üçün hansı idarəetmə və planlaşdırma mexanizmləri tətbiq olunur?

Bu və digər suallara aydınlıq gətirmək üçün biz bu sahə üzrə artıq 15 ildən çox təcrübəyə malik, şəbəkə mağaza sistemlərinin yaradılması, qurulması və fəaliyyət planlarının idarə olunmasında ixtisaslaşmış və uzun illərdir Azərbaycan Supermarket – Bravo supermarketlərinin planlaşdırma və yeni açılışlar üzrə meneceri İlkin Məmmədova sorğu ünvanladıq. O, ekspert kimi suallarımızı cavablandıraraq bu sahənin incəliklərini bölüşdü.

Pərakəndəçilikdə layihələrin idarə olunması yalnız məhsul yerləşdirilməsi ilə məhdudlaşmır, bu, bütöv bir sistem yanaşması tələb edir. Buraya həm müştəri təcrübəsi, həm də mağaza daxilində bütün funksional elementlərin düzgün inteqrasiyası daxildir.

Əsas istiqamətlərdən biri müştəri axınının düzgün tənzimlənməsidir. Mağaza daxilində hərəkət trayektoriyası elə qurulmalıdır ki, müştəri rahat şəkildə əsas kateqoriyalardan keçsin və alış prosesi maksimum sadə və effektiv olsun.

Bununla yanaşı, rotasiya prosesləri, məhsulların düzgün sərgilənməsi və satışa uyğun məhsulların optimal zonalara yerləşdirilməsi satış göstəricilərinə birbaşa təsir edir.

Digər vacib məqam isə avadanlıqların və texniki elementlərin düzgün planlanmasıdır. Xüsusilə təzə qida məhsulları üçün nəzərdə tutulan sahələrdə – təndirlər, sobalar, soyuducular, piştaxtalar və rəflər elə yerləşdirilməlidir ki, həm işçi heyət üçün rahatlıq yaratsın, həm də müştəri üçün açıq, əlçatan və cəlbedici mühit formalaşdırsın.

Bu prosesdə sıxlıqların aradan qaldırılması, funksional zonaların düzgün ayrılması və hər kvadrat metrdən maksimum səmərəliliklə istifadə olunması əsas prioritetlərdəndir.

Zaman keçdikcə mağazaların yenilənməsi — remodeling və dizaynın təzələnməsi layihələri isə mağazaya yeni nəfəs gətirir, müştəri marağını artırır və ümumi performansı yüksəldir.

Ümumilikdə, bütün bu yanaşmalar bir sistem kimi tətbiq olunduqda, həm əməliyyat effektivliyi, həm də satış nəticələri əhəmiyyətli dərəcədə artır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti