PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci il ərzində Azərbaycanda bankların kredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,1 milyard manat təşkil edib.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit portfelinin strukturuna görə, biznes kreditlərinin payı 53,6% (16,1 milyard manat), istehlak kreditlərinin payı 31,1% (9,4 milyard manat), ipoteka kreditlərinin payı isə 15,4% (4,562 milyard manat) olub.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. Ümumi öhdəliklərin 76,8%-i və ya 38,2 milyard manat depozitlərdən ibarətdir.
Depozit portfelinin 57,3%-i (21,9 milyard manat) hüquqi şəxslərin, 42,7%-i (16,3 milyard manat) isə fiziki şəxslərin əmanətlərinin payına düşür. Qeyd olunur ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri bu göstəriciyə daxil deyil.
Fiziki şəxslərin əmanətlərinin 68,5%-i (11,2 milyard manat) milli valyutada, 31,5%-i (5,1 milyard manat) isə xarici valyutada yerləşdirilib. Eyni zamanda, fiziki şəxslərin depozit portfelinin 63,2%-i (10,3 milyard manat) müddətli əmanətlərdən ibarətdir.
Dekabr ayında fiziki şəxslərin müddətli əmanətləri 3,5% (352,1 milyon manat), tələb olunanadək əmanətləri isə 2,1% (123,7 milyon manat) artıb.

