Ötən il Azərbaycanda sənaye məhsulu istehsalı 63,1 milyard manat olub

Mətn Ölçüsü

2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 63,1 milyard manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,0 faiz azdır.

PostNews xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 5,5 faiz artım müşahidə olunub.

Sənaye məhsulunun pay bölgüsü belə olub: mədənçıxarma sektoru 59,6 faiz, emal sektoru 33,9 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 5,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 1,0 faiz.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 86,3 faiz, ağacın emalı və ağac məmulatlarının istehsalı 57,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 31,1 faiz, toxuculuq sənayesi 24,5 faiz, rezin və plastik kütlə məmulatları 16,1 faiz, tütün məmulatları 14,4 faiz, neft məhsulları 13,7 faiz, qida məhsulları 9,1 faiz, kimya sənayesi məhsulları 5,2 faiz, kompüter, elektron və optik məhsullar 2,8 faiz, içkilər 0,5 faiz, metallurgiya sənayesi 3,1 faiz, tikinti materialları 4,3 faiz, mebel 8,6 faiz, geyim 15,1 faiz, dəri və dəri məmulatları, ayaqqabılar 15,2 faiz, maşın və avadanlıqlar 16,3 faiz, hazır metal məmulatları 17,0 faiz, elektrik avadanlıqları 19,5 faiz, poliqrafiya məhsulları 19,5 faiz, kağız və karton məhsulları 21,1 faiz artıb. Avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 40,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti