Dünya Bankı Azərbaycanın real ÜDM artımının 2026-cı ildə 1,8 faiz, 2027-ci ildə 1,7 faiz olacağını proqnozlaşdırır

Mətn Ölçüsü

Dünya Bankının proqnozlarına görə, Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz artacaq.

Bu barədə PostNews Dünya Bankının 2026-cı ilin yanvar ayına dair “Global Economic Prospects” hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, ölkədə iqtisadi artımın tempi əsasən karbohidrogenlər sektorundakı amillərfiskal siyasətin sərtləşdirilməsi ilə məhdudlaşacaq.

Bildirilir ki, mövcud proqnozlar son illərdə müşahidə olunan iqtisadi artım dalğalanmaları ilə müqayisədə zəifləməyə işarə edir. Dünya Bankının məlumatına əsasən, Azərbaycan ÜDM-i 2024-cü ildə 4,1 faiz artıb, 2023-cü ildə isə 1,4 faiz azalıb, 2025-ci il üzrə artım isə 1,9 faiz səviyyəsində qiymətləndirilir.

Hesabatda vurğulanır ki, Azərbaycanda iqtisadi fəallığın karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və fiskal siyasətin sərtləşdirilməsi səbəbindən məhdud qalacağı gözlənilir.

Eyni zamanda Dünya Bankı regional dinamikanın yaxşılaşdığını qeyd edərək bildirib ki, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin paraflanması Cənubi Qafqazda sabitliyi gücləndirəcək və iqtisadi inteqrasiyanı dərinləşdirəcək.

Bu arada, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında ölkədə 116,3 milyard manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Məlumata əsasən, neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artım qeydə alınıb.

ÜDM-in strukturunda 34 faizi sənayenin, 10,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və kommunikasiya sektorunun, 21,1 faizi isə digər sahələrin payına düşüb. Məhsullar və idxal üzrə xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.

Hesabat dövründə adambaşına düşən ÜDM 11 356,4 manat olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti