Gündəlik kreditlərin tamamilə dayandırılması planlaşdırılmır

Mətn Ölçüsü

AMB gündəlik kreditlər üzrə tələbləri sərtləşdirməyi davam etdirməyi nəzərdə tutur, amma bu məhsulu bazardan çıxarmaq niyyətində deyil. Məhdudiyyətlərin gələcəkdə davamı əhalinin borclanma səviyyəsi və kredit sektorunun dayanıqlılığına uyğun müəyyənləşdiriləcək.

PostNews xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.

Kazımovun sözlərinə görə, son üç ildə gündəlik kreditlər üzrə tələblər izafi borclanma riskini azaltmaq üçün mərhələli şəkildə sərtləşdirilib. AMB bu il də yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi nəzərdə tutur. Qurum hər il, xüsusilə ilin ikinci yarısında bu sahədə əlavə addımlar atır.

Gündəlik kreditlərin adi istehlak kreditlərindən yüksək faizlə verilməsini onların qısa müddəti və rəsmiləşdirilmə qaydası ilə izah edən AMB sədri bildirib ki, bu kreditlər, əsasən, 45 günə, şəxsiyyət vəsiqəsi ilə və böyük olmayan məbləğlərdə verilir. Bununla belə, Mərkəzi Bank bu məhsulun həddən artıq genişlənməsini istəmir.

AMB əvvəlki illərdə kreditlər üzrə əldə edilə biləcək ümumi gəlirə, faizlərə, komissiyalara və digər ödənişlərə dair tələbləri də müəyyən edib və sərtləşdirib. Kazımov bu tədbirlərin gündəlik kreditlər üzrə xərclərin daha məqbul səviyyəyə gəlməsinə xidmət etdiyini bildirib.

Mərkəzi Bankın sədri bu kreditlərin maliyyə resurslarına çıxış kanallarından biri olduğunu qeyd edib. Buna görə məhsulun tamamilə yığışdırılması nəzərdə tutulmur; məqsəd onun idarəolunan və balanslı şəkildə fəaliyyət göstərməsidir.

Kazımov gələcək qərarların əhalinin borclanma səviyyəsi, kredit təşkilatlarının və tərəfdaşlarının dayanıqlılığı, eləcə də sektorun gəlirliliyi nəzərə alınmaqla veriləcəyini bildirib. Borclanma məqbul, gəlirlilik balanslı olarsa, məhdudlaşdırıcı tədbirlərin dayandırılması mümkündür.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri