AMB qiymətli kağızların borc verilməsi əməliyyatlarını 1 milyard manat həcmində davam etdirəcək

Mətn Ölçüsü

Mərkəzi Bank qiymətli kağızların borc verilməsi əməliyyatlarında 1 milyard manatlıq həcm nəzərdə tutur. AMB sədri Taleh Kazımov bu mexanizmdən əsasən qiymətli kağızların saxlanılması xərclərini qarşılamaq və əlavə gəlir əldə etmək üçün istifadə olunduğunu bildirib.

PostNews xəbər verir ki, T.Kazımov bu barədə faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.

AMB sədri bildirib ki, qiymətli kağızların borc verilməsindən iri həcmdə gəlir əldə etmək əsas məqsəd deyil. Qlobal təcrübədə bu əməliyyatlar üzrə gəlirlilik 0,3–0,5% səviyyəsində olur. Qiymətli kağızların vəziyyətindən asılı olaraq göstərici maksimum 1%-ə qədər yüksələ bilər.

Mərkəzi Bank qiymətli kağızlara investisiya edir və repo əməliyyatları vasitəsilə gəlir əldə edir. Lakin bu aktivlərin saxlanılması ilə bağlı kustodian xərcləri də mövcuddur. Kazımovun sözlərinə görə, qiymətli kağızların borc verilməsi həmin xərcləri qarşılamağa və faiz gəlirinə əlavə 0,3–0,5 faiz bəndi spred əldə etməyə imkan verir.

“Hazırda 1 milyard manat üzərindən davam edəcək”, – deyə AMB sədri əməliyyatların həcmi barədə bildirib. O əlavə edib ki, 1 milyard manatlıq vəsaitə kustodian mexanizmindən istifadə üçün icazə verilib.

Kazımov qiymətli kağızların borc verilməsini Mərkəzi Bankın aktiv və ehtiyatlarının idarə olunması zamanı tətbiq etdiyi alətlərdən biri kimi xarakterizə edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri