PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Mərkəzi Bank maliyyə sektorunda banklardan kənar istiqamətlərin də inkişafı üçün şərait yaratmağı hədəfləyir. Hazırda sektorun 94–95%-ni banklar təşkil edir.
PostNews xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib.
Kazımovun sözlərinə görə, bankların maliyyə sektorunda üstün mövqedə olması tarixi səbəblərlə bağlıdır. Hazırda sektorun 94–95%-i bankların payına düşür. Bununla yanaşı, sığorta, kapital bazarları və fintex istiqamətlərində inkişaf imkanları genişdir.
AMB sədri bildirib ki, Mərkəzi Bankın vəzifəsi yalnız bank sektoruna nəzarətlə məhdudlaşmır. Tənzimləyici qurum maliyyə sektorunun digər sahələrinin inkişafında da maraqlıdır və potensialın reallaşması üçün uyğun şərait yaratmağı vacib sayır.
Kazımov ölkələrin maliyyə sistemlərinin quruluşunun fərqləndiyini deyib. O, ABŞ-ni kapital bazarlarının bank sektorundan daha böyük paya sahib olduğu nümunə kimi göstərib. Azərbaycanda və bir sıra qonşu ölkələrdə isə maliyyə sektoru əsasən banklardan ibarətdir.
AMB sədri qeyd edib ki, tənzimləyici qurum inkişaf üçün şərait yaratmalı, bazar iştirakçıları isə bu imkanlardan yararlanaraq müvafiq sahələri genişləndirməlidirlər.

