PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Sentyabrın 23-də faiz dəhlizi ilə bağlı qəbul edilən qərarın təsirlərini tam ölçmək üçün hələ tezdir. AMB sədri Taleh Kazımov qərardan sonra banklararası əməliyyatlarda fəallığın artdığını, lakin bir ayın nəticə çıxarmaq üçün qısa müddət olduğunu bildirib.
PostNews xəbər verir ki, bu barədə Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.
“Biz bu qərarı sentyabrın 23-də vermişik. Görürük ki, banklararası bazarda aktivlik artıb. Amma yenə də bir ay kifayət qədər qısa müddətdir”, – deyə o qeyd edib.
AMB sədri bildirib ki, qərar bankların bir-biri ilə əməliyyatlarını və banklararası bazarda iştirakını artırmaq məqsədi daşıyır. Mərkəzi Bankın həmin bazarda iştirakını azaltmaq qərarın əsas məqsədi olmayıb.
Kazımov hazırda əlavə tədbirlərin nəzərdə tutulmadığını deyib. AMB bank sistemində likvidliyi mövcud monetar siyasət alətləri ilə idarə edir və AZIR faizinin hədəflənən səviyyədə saxlanılmasına çalışır.
Mətbuat konfransında ərzaq qiymətlərinə də toxunan AMB sədri bu sahədə inflyasiyaya qarşı birbaşa müdaxilə imkanlarının məhdud olduğunu bildirib. Onun sözlərinə görə, qiymət artımına əsasən qlobal amillər təsir edir. Qiymətlərin təhlili zamanı kənd təsərrüfatı məhsulları üzrə dinamika da nəzərə alınır.

