PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
AMB 2026-cı il üzrə inflyasiya gözləntisini iyul proqnozuna nisbətən 0,2 faiz bəndi aşağı salıb. 2027-ci il üçün proqnoz isə ticarət tərəfdaşlarında inflyasiyanın artacağı gözləntisi ilə 0,1 faiz bəndi yüksəldilib.
PostNews xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.
AMB sədri bildirib ki, oktyabrda yenilənən proqnoza əsasən, 2026-cı ildə Azərbaycanda inflyasiya 5,9% səviyyəsində olacaq. İyulda açıqlanan proqnozla müqayisədə bu, 0,2 faiz bəndi azdır.
Kazımovun sözlərinə görə, proqnozun aşağı salınmasının əsas səbəbi kənd təsərrüfatı istehsalçılarının qiymət indeksinin gözləniləndən daha zəif artmasıdır. O, bunu müsbət hal kimi dəyərləndirib.
AMB sədri 2027-ci il üzrə inflyasiya proqnozunun əvvəlki qiymətləndirmədən 0,1 faiz bəndi yuxarı olduğunu da bildirib. Buna ticarət tərəfdaşlarında qiymət artımının yüksələcəyi gözləntisi təsir edib.
Taleh Kazımov inflyasiyaya təsir edən xarici amillərdən danışarkən Yaxın Şərqdəki münaqişə fonunda qlobal enerji və ərzaq qiymətlərinin artdığını qeyd edib. Bu artım Azərbaycanın ticarət tərəfdaşlarında, xüsusilə idxal etdiyi məhsullar üzrə inflyasiyanın yüksəlməsinə gətirib çıxarıb.
“Bu inflyasiyanı biz də öz iqtisadiyyatımıza idxal etmişik”, – deyə o vurğulayıb.
Mətbuat konfransında açıqlanan məlumata görə, 2026-cı ilin ilk doqquz ayında baza inflyasiyası 4,9% olub. Qida məhsulları, spirtli içkilər və tütün məmulatları 6,9%, qeyri-qida məhsulları 3,6%, ödənişli xidmətlər isə 5,1% bahalaşıb.

