PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərini dəyişməyib. Uçot dərəcəsi 6,5%, dəhlizin aşağı həddi 5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.
PostNews xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin 29 oktyabr 2026-cı il tarixli qərarında bildirilib.
Qərar qəbul edilərkən ümumi və baza inflyasiyasının, inflyasiya gözləntilərinin, risklər balansının dinamikası, valyuta bazarındakı proseslər, bank sektorunun likvidlik mövqeyindəki dəyişikliklər və qlobal monetar şəraitdəki son meyillər nəzərə alınıb.
İllik inflyasiya sentyabrda 5,5% olub
Mərkəzi Bankın məlumatına görə, illik inflyasiya 4±2%-lik hədəf diapazonunda qalır və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5% təşkil edib. Bu, avqust göstəricisindən 0,2 faiz bəndi aşağıdır.
İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9%, ödənişli xidmətlər üzrə 5,1%, qeyri-qida məhsulları üzrə 3,6% olub. İllik baza inflyasiya 4,9% təşkil edib.
AMB-nin oktyabr proqnozlarına əsasən, baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı və 2027-ci illərin sonunda 5,9% olacağı gözlənilir. İyul proqnozu ilə müqayisədə 2026-cı il üzrə inflyasiya gözləntisi 0,2 faiz bəndi azaldılıb, 2027-ci il üzrə isə 0,1 faiz bəndi artırılıb. Baza ssenarisi dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.
İnflyasiya ilə bağlı risklər əsasən beynəlxalq mühitdən qaynaqlanır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski qalır. Qiymətlərə ötürülmənin miqyası, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Mərkəzi Bank inflyasiya proqnozlarını bu risklərin reallaşma miqyasına uyğun yeniləyəcək.
AMB mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağını gözləmir.
Valyuta təklifi tələbi üstələyib
2026-cı ilin ötən dövründə valyuta bazarında təklif həm nağd, həm də qeyri-nağd seqmentlərdə tələbi əhəmiyyətli dərəcədə üstələyib. Yanvar-sentyabr aylarında mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışdan 759 milyon ABŞ dolları çox olub.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25,7%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank valyuta alışları həyata keçirib. Doqquz ay ərzində AMB-nin valyuta ehtiyatları 33,4% artaraq 15,4 milyard ABŞ dollarına çatıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətində 10,5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara əsasən, pul baratları üzrə saldo — daxilolmalarla xaricolmaların fərqi — 830,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 70% artıb.
Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, qeyri-neft-qaz əmtəə və xidmətləri ixracında müsbət meyillərin davam etməsi nəzərə alınaraq, Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə cari əməliyyatlar hesabının profisiti proqnozunu artırıb. Yenilənmiş proqnoza görə, cari əməliyyatlar hesabında 2026-cı ildə 8,5 milyard ABŞ dolları — ÜDM-in 10%-dən çoxu, 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları — ÜDM-in 6%-dən çoxu həcmində profisit gözlənilir.
Bank sektorunda likvidlik profisiti 6,2 milyard manata çatıb
Məcburi ehtiyat kimi saxlanılmalı vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonuna 6,2 milyard manata çatıb. Bu, ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə çoxdur.
Təminatsız pul bazarı üzrə istinad faizləri bir qədər azalmağa meyil edib. AZIR dərəcəsi üzrə orta gündəlik göstərici 2026-cı ilin avqustunda 6,31%, sentyabrda 5,93%, oktyabrın ötən dövründə isə 5,99% olub.
Mərkəzi Bank pul siyasəti alətlərini maliyyə bazarlarındakı prosesləri və bank sisteminin likvidlik göstəricilərini nəzərə alaraq tətbiq edir. Likvidliyin idarə olunmasında əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. Bu əməliyyatların payı sentyabrın sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 66,4% təşkil edib.
AMB bildirib ki, faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası və valyuta bazarındakı proseslər nəzərə alınmaqla qəbul ediləcək. Qlobal mühitdəki qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata ötürülmə intensivliyi nəzərə alınaraq, makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında qiymətləndiriləcək.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il dekabrın 23-də açıqlanacaq.

