2026-cı il üçün Qazaxıstan neftinin BTC istiqamətində tədarük həcmi 1,6 milyon ton proqnozlaşdırılır

Mətn Ölçüsü

2026-cı il üçün Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) istiqamətində Aktau limanından tədarük həcmi 1,6 milyon ton proqnozlaşdırılır.

PostNews xəbər verir ki, bu barədə məlumat “KazMunayGas” (KMG) şirkətinə istinadən verilib. Qeyd olunub ki, 2025-ci ildə BTC vasitəsilə ixrac olunan Qazaxıstan neftinin həcmi 1,3 milyon ton təşkil edib.

KMG-dan bildirilib ki, ötən ilin sonunda Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) sistemi vasitəsilə Qazaxıstan neftinin tədarükünə tətbiq olunan məhdudiyyətlər səbəbindən, neft “KazTransOil” ASC (KTO) sistemi üzərindən digər ixrac marşrutlarına yönləndirilib. Təxminən 300 min ton neft KTO sistemi ilə Almaniya, Çin, BTC, Novorossiysk və Ust-Luqa limanları vasitəsilə sonrakı ixrac istiqamətlərinə göndərilmək üçün yönləndirilib.

Şirkət əlavə edib ki, 2026-cı ilin yanvar ayında XBKK tərəfindən neftin qəbulunda davam edən məhdudiyyətlər nəzərə alınaraq, yönləndirmə tədbirləri davam etdiriləcək.

Xatırladaq ki, 2025-ci il noyabrın 29-da XBKK-nin Novorossiysk limanı ərazisində yerləşən dəniz infrastruktur obyektlərinə ekipajsız üzən vasitələrlə hücum edilib, nəticədə uzaqdan yükləmə qurğusu VPU-2 ciddi zədələnib və tam təmir-bərpa işləri aparılanadək istismardan çıxarılıb. Həmçinin, 2026-cı il yanvarın 13-də Qara dəniz akvatoriyasında XBKK-nin dəniz terminalına doğru hərəkət edən üç tankere pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti