2025-ci ildə Azərbaycandan Rumıniyaya 1,122 milyon ton xam neft və neft məhsulları ixrac olunub

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycandan Rumıniyaya bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları üzrə ixracın həcmi 1,122 milyon ton, dəyəri isə 598,5 milyon ABŞ dolları olub.

PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 160,7 milyon ABŞ dolları və ya 36,7 faiz, həcm baxımından isə 371,8 min ton və ya 49,6 faiz artıb.

2024-cü ildə Rumıniyaya ixrac 750,2 min ton, dəyəri isə 437,8 milyon ABŞ dolları təşkil etmişdi. Hesabat dövründə Rumıniya ən çox Azərbaycan nefti idxal edən ölkələr sırasında dördüncü yeri tutub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə ümumi ixrac 23,4 milyon ton həcmində, ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, fiziki həcm baxımından isə 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlu süxurlardan əldə olunan neft və neft məhsulları, həmçinin tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac olunub. 2024-cü illə müqayisədə bu göstərici dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artım göstərib. Hesabat dövründə bu məhsulların ölkənin ümumi ixracındakı payı 1,72% olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti