Bahrom Aşrafxanov: Özbəkistan–Azərbaycan arasında əməkdaşlıq iqtisadi sabitliyə mühüm töhfə verir

Mətn Ölçüsü

PostNews – 15 aprel 2026-cı il tarixində Bakı şəhərində, Türk Ticarət Mərkəzində, Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi, Türk Ticarət Mərkəzi və Founder Club-un təşkilatçılığı ilə Özbəkistan–Azərbaycan Tekstil Forumu və B2B görüşü yüksək səviyyədə təşkil olunub.

Tədbirdə Özbəkistan və Azərbaycan Respublikasından tekstil sahəsində fəaliyyət göstərən iş adamları iştirak edib, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, xüsusilə tekstil sənayesi üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Forum çərçivəsində təşkil edilən B2B görüşlər iş adamları arasında birbaşa əlaqələrin qurulmasına, yeni tərəfdaşlıqların formalaşmasına və konkret biznes təşəbbüslərinin irəli sürülməsinə şərait yaradıb.

Eyni zamanda, Türk Ticarət Mərkəzinin sərgi sahəsində Özbəkistan istehsalı olan tekstil məhsullarının nümayişi keçirilib, iştirakçılar təqdim olunan məhsullarla yaxından tanış olublar.

Tədbirdə çıxış edənlər sırasında Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bahrom Aşrafxanov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin şöbə müdiri cənab Nicat Əlizadə, Okuklu Holding şirkətinin rəhbəri cənab Yılmaz Okuklu, Founder Club-un rəhbəri cənab Ruslan Dəmirov, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQŞİA) rəhbəri xanım Səkinə Babayeva və “Uztextileprom” Assosiasiyasının rəsmi nümayəndəsi xanım Zamira Yunusova iştirak ediblər. Çıxışlarda iki ölkə arasında tekstil sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi, ixrac potensialının artırılması və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd olunan tədbir ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, biznes subyektləri arasında effektiv əlaqələrin qurulmasına və uzunmüddətli əməkdaşlıq perspektivlərinin formalaşmasına mühüm töhfə verib.

Founder Club olaraq beynəlxalq əməkdaşlıqların inkişafına xidmət edən bu cür təşəbbüslərdə iştirak etməkdən məmnunluq duyur və gələcəkdə də biznes platformalarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti