PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
PostNews – Azərbaycanda pərakəndə ticarət sektorunda satışların artması, ərzaq qiymətlərinin formalaşması, supermarketlərin mənfəətliliyi, bank komissiyaları, yerli istehsalçıların ticarət şəbəkələrinə çıxışı və bazarda rəqabət əsas müzakirə mövzuları olaraq qalır.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin (TŞİİB) İdarə Heyətinin sədri Araz İmanov Fins.az-a müsahibəsində pərakəndə ticarət bazarındakı mövcud vəziyyət, istehlakçı davranışındakı dəyişikliklər, supermarketlərin xərcləri, nağdsız ödənişlərin yaratdığı maliyyə yükü və sektorun gələcək inkişaf istiqamətləri barədə danışıb.
– 2026-cı ildə alıcıların alış-veriş davranışında hansı dəyişiklikləri görürsünüz? İnsanlar əvvəlkindən daha az məhsul alır, yoxsa daha ucuz məhsullara üstünlük verirlər?
– Bunu yalnız “alıcılar daha az məhsul alır” kimi ümumiləşdirmək düzgün olmaz. İnsan eyni həcmdə alış-verişi davam etdirərək daha münasib qiymətli markaya keçə, endirimlərdən yararlana və ya alışlarını fərqli vaxtlara bölə bilər. Məhsulun miqdarının azalması ilə alış-veriş büdcəsinin daha qənaətlə idarə olunması fərqli məsələlərdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,9 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,4 faiz artıb. Bu göstəricilər bütövlükdə bazarda real artım olduğunu göstərir, lakin ayrı-ayrı ailələrin alış-veriş səbətindəki dəyişiklikləri tam əks etdirmir.
Şəbəkələrin müxtəlif qiymət kateqoriyalarını əhatə edən məhsul çeşidi, endirim kampaniyaları və loyallıq proqramları alıcılara büdcələrinə uyğun seçim imkanı verir. Burada əsas məqam münasib qiymətlə keyfiyyətin bir-birinə alternativ kimi təqdim edilməməsidir. Alıcı qənaət edərkən də məhsulun keyfiyyətinə və təhlükəsizliyinə etibar etmək istəyir.
Qida pərakəndəsində xalis mənfəətlilik təxminən 1 faizdir
– Ərzaq qiymətləri artanda çox vaxt supermarketlər diqqət mərkəzində olur. Məhsulun qiyməti mağazada necə formalaşır və bu qiymətdə supermarketin qazanc payı təxminən nə qədər olur?
– Alıcı qiyməti mağazada gördüyü üçün sualını da ilk növbədə supermarketə ünvanlayır. Lakin həmin qiymətdə məhsulun istehsalı və ya idxalı, daşınması, saxlanılması və satışının təşkili ilə bağlı xərclər əks olunur. Mağazanın əməkhaqqı, icarə, enerji, məhsul itkiləri, bank komissiyaları və digər əməliyyat xərcləri də var.
Ən çox qarışdırılan məqam alış və satış qiyməti arasındakı fərqlə xalis mənfəətin eyniləşdirilməsidir. Bu fərqin hamısı supermarketin qazancı deyil. Fəaliyyət xərcləri də həmin vəsait hesabına qarşılanır.
Sektor üzrə təqdim etdiyimiz qiymətləndirmələrə əsasən, qida pərakəndəsində xalis mənfəətlilik təxminən 1 faiz ətrafında, bir çox hallarda isə bundan da aşağı olur. Burada söhbət ayrıca məhsula qoyulan qiymət əlavəsindən deyil, şirkətin bütün xərclərdən sonra qalan yekun maliyyə nəticəsindən gedir.
Sadə dillə desək, 1 faizlik xalis mənfəətlilik 100 manat satış gəlirindən bütün xərclər çıxıldıqdan sonra təxminən 1 manat qalmasıdır. Buna görə qiymət artımının səbəblərini yalnız mağazada deyil, məhsulun keçdiyi bütün təchizat zəncirində araşdırmaq lazımdır.

Yerli istehsalçının şəbəkə rəfinə çıxması üçün nə tələb olunur?
– Yerli istehsalçılar bəzən məhsullarını böyük market şəbəkələrində satmağın çətin olduğunu bildirirlər. Sizcə, bunun əsas səbəbi nədir? Yerli məhsulların marketlərdə daha geniş yer alması üçün nə etmək lazımdır?
– Şəbəkələrlə əməkdaşlıq məhsulun keyfiyyəti ilə yanaşı, təchizatın davamlılığı, qablaşdırma, etiketləmə, saxlanma müddəti və kommersiya şərtləri kimi məsələləri də əhatə edir. Kiçik istehsalçının geniş satış coğrafiyasına çıxması bəzən bu istiqamətlərdə əlavə hazırlıq tələb edir. Ayrı-ayrı çətinlikləri də məhz konkret əməkdaşlıq münasibətləri çərçivəsində qiymətləndirmək daha doğrudur.
Eyni zamanda, şəbəkələrin yerli istehsalçıların inkişafındakı rolunu nəzərdən qaçırmaq olmaz. Üzv şəbəkələrlə əməkdaşlıq nəticəsində kiçik biznesdən orta, orta biznesdən isə iri biznes səviyyəsinə yüksələn şirkətlər var. Davamlı satış imkanı istehsalçıya fəaliyyətini planlaşdırmağa, istehsal gücünü artırmağa və yeni məhsullara sərmayə qoymağa kömək edir.
Bu əməkdaşlıq bir çox hallarda kiçik və orta şirkətlərin anbar, logistika və distribusiya yükünü də yüngülləşdirir. Şəbəkələrin mərkəzləşdirilmiş təchizat və paylama imkanlarından istifadə istehsalçının hər satış nöqtəsi üçün ayrıca infrastruktur qurmaq ehtiyacını azalda bilər.
Birlik olaraq yerli istehsalçıların şəbəkələrlə əlaqələrinin genişlənməsinə dəstək veririk. Saytımızda məhsulların şəbəkə rəflərinə çıxarılması üçün müraciət bölməsi də mövcuddur. İstehsalçılar həmin bölmə vasitəsilə məhsulları və əməkdaşlıq təklifləri barədə məlumat təqdim edə bilirlər.
Şəbəkə rəfi yerli istehsalçı üçün yalnız satış yeri deyil, biznesini böyütmək imkanıdır. Məqsəd bu əməkdaşlığın davamlı və hər iki tərəf üçün faydalı olmasıdır.
Bank komissiyalarına gedən vəsait dövriyyənin 1,5 faizinə yaxınlaşır
– Kartla ödənişlər artdıqca banklara ödənilən komissiyalar da ticarət şəbəkələrinin xərclərinə təsir edir. Bu komissiyalar hazırda biznes üçün nə dərəcədə böyük yükdür? Onların azaldılması ilə bağlı təklifləriniz varmı?
– Aşağı mənfəətlə işləyən qida pərakəndəsi üçün bank komissiyaları artıq ciddi maliyyə yüküdür. Üzv şəbəkələrdən daxil olan məlumatlara görə, 2025-ci ildə komissiya tarifləri iki dəfə artırılıb, son dövrdə də artımlar müşahidə olunur. Paralel olaraq, nağdsız ödənişlərin dövriyyədəki payı təxminən 70 faiz səviyyəsinə çatıb və sürətlə artır. Yəni həm komissiya tətbiq olunan satış həcmi, həm də tariflər yüksəlir.
Şəbəkələrin hesablamalarında bank komissiyalarına yönələn vəsait ümumi dövriyyənin 1,5 faizinə yaxınlaşır. Bu xərcin artması xalis mənfəəti daraldır, investisiya və inkişaf imkanlarını zəiflədir. Təsir yalnız supermarketlə məhdudlaşmır: maliyyə təzyiqinin təchizat zənciri vasitəsilə kiçik və orta biznesə ötürülməsi, eləcə də istehlak qiymətlərinə əlavə təzyiq yaranması riski artır.
Məsələyə yalnız ayrı-ayrı tariflər səviyyəsində deyil, daha geniş iqtisadi kontekstdə yanaşırıq. Ölkənin beyin mərkəzlərindən biri ilə artıq yarım ilə yaxın müddətdir bu mövzuda əhatəli tədqiqat üzərində çalışırıq. Ciddi və məsuliyyətli araşdırmanın məqsədi problemin iqtisadi təsirlərini qiymətləndirmək və əsaslandırılmış həllərin hazırlanmasına töhfə verməkdir.
Mərkəzi Bankın interçeync tariflərinin yuxarı hədlərini azaltması bankların ödəniş qəbulu üzrə xərclərinin aşağı düşməsinə şərait yaratmağa yönəlib. Bizim üçün əsas məsələ bu azalmanın ticarət şəbəkələrinin ödədiyi yekun komissiyalarda da əksini tapmasıdır.
Təkliflərimiz tariflərin daha şəffaf və proqnozlaşdırılan olması, nağdsız dövriyyənin artmasının komissiya yükünün azalmasına imkan yaratması və yerli ödəniş həllərinin real xərc üstünlüyü ilə tətbiqidir. AZQR üzrə yekun komissiyanın 0,5 faizdən yüksək olmamasını da təklif etmişik. Azərbaycan Banklar Assosiasiyası ilə imzaladığımız Memorandum ödəniş xidmətlərinin təkmilləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq üçün davamlı dialoqu nəzərdə tutur.
Biz nağdsız ödənişlərin artmasını dəstəkləyirik. Əsas mövqeyimiz budur ki, bu artım bank sektoru ilə pərakəndə ticarət arasında iqtisadi balansı pozmasın. Ödəniş ekosisteminin inkişafı bir tərəfin imkanlarını genişləndirərkən digər tərəfin dayanıqlığını zəiflətməməlidir.

Araz İmanov: “Kiçik və məhəllə marketlərinə rəqib kimi baxmırıq”
– Azərbaycanda böyük market şəbəkələri getdikcə genişlənir. Sizcə, bu, bazarda rəqabəti artırır, yoxsa kiçik mağazaların fəaliyyətini çətinləşdirir? Gələcəkdə kiçik mağazaların bazardakı yerini necə görürsünüz?
– Biz kiçik və məhəllə marketlərinə rəqib kimi deyil, pərakəndə ticarətdə özünəməxsus yeri olan bizneslər kimi baxırıq. Onların müştəriyə yaxınlıq, çevik xidmət və məhəllənin ehtiyaclarını tanımaq kimi xüsusiyyətləri var. Bu formatların bazarda öz yeri və gələcəyi mövcuddur.
Əsas məsələ mağazanın ölçüsü deyil, fəaliyyətin hansı qaydalarla qurulmasıdır. Şəbəkələrin iş modeli rəsmi məşğulluq, vergi və məcburi dövlət sosial sığorta ödənişləri, qida təhlükəsizliyi, gigiyena, məhsulların izlənilə bilməsi və daxili keyfiyyət standartları üzərində qurulur. Biz eyni şəffaflığın bütün bazarda təmin olunmasını istəyirik. Öhdəliklərdən yayınmaq hesabına əldə olunan üstünlük qiymət və xidmət üzərində qurulan rəqabətlə eyni deyil.
Bu il “Dürüstlük vətənpərvərlikdir” kampaniyasını elan edərək bütün ticarət subyektlərini dürüst və şəffaf fəaliyyətə dəvət etmişik. Təəssüf ki, bütün bizneslər bu çağırışa uyğun münasibət göstərmir.
Buna görə üzvlərimizin digər bazar iştirakçıları ilə bağlı təqdim etdikləri mümkün qayda pozuntuları barədə məlumatlar üzərində müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə sistemli işə başlayacağıq. Burada əsas prinsip məlumatların yoxlanılması, faktların sənədləşdirilməsi və araşdırılması üçün səlahiyyətli qurumlara təqdim edilməsidir.
Məqsəd kiçik biznesin fəaliyyətini çətinləşdirmək deyil, dürüst işləyən sahibkarın haqsız rəqabətlə üzləşməməsidir. Bu yanaşma həm böyük şəbəkənin, həm də qanuni fəaliyyət göstərən kiçik mağazanın maraqlarına xidmət edir.
Pərakəndə ticarətin gələcəyində rəqəmsallaşma ön plana çıxacaq
– Azərbaycanda pərakəndə ticarət sektorunun gələcək inkişafını necə görürsünüz? Dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsi sektor üçün hansı yeni imkanlar yarada bilər?
– Pərakəndə ticarətin gələcəyini daha səmərəli təchizat, rəqəmsallaşma, xidmət keyfiyyəti və yerli istehsalla daha güclü əməkdaşlıqda görürük. Rəqəmsal ödənişlər, özünəxidmət kassaları, onlayn və fiziki satışın bir-birini tamamlaması, məhsul ehtiyatlarının daha dəqiq idarə olunması bu inkişafın əsas istiqamətlərindəndir.
Dövlət və biznes arasında əməkdaşlığın nəticəsi gündəlik fəaliyyətdə hiss olunmalıdır. Vergi inzibatçılığı, təbii itki normaları, yükboşaltma imkanları, enerji təchizatı və ödəniş xərcləri kimi məsələlərin praktik həlli sektorda səmərəliliyi və investisiya imkanlarını gücləndirə bilər.
Xüsusilə pərakəndə ticarətə dair yeni qanunvericilik təşəbbüsləri və əlavə tənzimləmə mexanizmləri hazırlanarkən sektorun real vəziyyətinin əvvəlcədən qiymətləndirilməsini vacib hesab edirik. Beynəlxalq təcrübənin tətbiqində yalnız hüquqi normalar deyil, həmin ölkələrin bazar strukturu, gəlirlilik səviyyəsi, əməliyyat xərcləri və qanunların icra şəraiti də müqayisə olunmalıdır. Mövcud qaydaların effektiv və bərabər tətbiqi, qeyri-rəsmi fəaliyyətin azaldılması və sektorla məsləhətləşmələr bu yanaşmanın ayrılmaz hissəsidir.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin əsas məqsədi pərakəndə ticarət sektorunun inkişafına və bununla da ölkə iqtisadiyyatına töhfə verməkdir. Üzv şirkətlərin praktik təcrübəsini ümumiləşdirərək ümumi problemlərin həllinə, yerli istehsalın dəstəklənməsinə, şəffaf rəqabətə və istehlakçı maraqlarının qorunmasına çalışırıq. Dayanıqlı pərakəndə ticarət daha güclü istehsal, məşğulluq və iqtisadi fəallıq deməkdir.

