Azərbaycanda xarici prodüserlər üçün yeni kino təşviqləri yaradılır

Mətn Ölçüsü

Kinematoqrafiyaya dövlət himayəsinin əsas formalarının genişləndirilməsi nəzərdə tutulur.

PostNews xəbər verir ki, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək məqsədilə təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları siyahısına əlavə ediləcək.

Dəyişikliklə xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb olunması dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit ediləcək. Bu yanaşma ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına, eyni zamanda mədəni diplomatiyanın inkişafına xidmət edəcək.

Qanun layihəsi çərçivəsində qanuna bir sıra yeni anlayışların daxil edilməsi də təklif olunur. Bu anlayışlar film istehsalı prosesinin bütün mərhələlərini — çəkilişə hazırlıqdan tutmuş post-prodakşn mərhələsinədək olan fəaliyyətləri əhatə edəcək.

Qanuna əlavə edilən yeni anlayışlar

  • Film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və çəkilişin tamamlanması mərhələlərini əhatə edən proses
  • Film çəkilişinə hazırlıq – ideyanın formalaşması, konsepsiyanın hazırlanması, ssenarinin yazılması və digər texniki-inzibati işlər
  • Film çəkilişi – filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilməsi prosesi
  • Filmin çəkilişinin tamamlanması – montaj, vizual və səs işləmələri, rəng korreksiyası, effektlər və qrafik tərtibat
  • Xarici prodüser – əcnəbi, vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser
Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti