İstanbulda “İki dövlət – bir səhnə, qardaş nəğmələri: Azərbaycan gecəsi” mövzusunda mədəniyyət proqramı keçirilib.
PostNews xəbər verir ki, “Azərbaycan gecəsi” Türkiyədəki Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, İstanbulun Küçükçekmece Bələdiyyəsi, Xan Şuşinski Fondu və Xəzər Folklor, Təhsil və Araşdırma Mərkəzinin (HAZARFEM) birgə layihəsi çərçivəsində təşkil olunub.
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə keçirilən tədbir Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində baş tutub.
Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri təqdim olunub
Tədbirdə Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Zamin Əliyev, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Xan Şuşinski Fondunun vitse-prezidenti Məryəm Hüseynova, HAZARFEM-in rəhbəri Nuran Acar və Küçükçekmece Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
Türkiyədə keçirilən “Azərbaycan İncəsənət Həftəsi” çərçivəsində təşkil olunan proqramda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri musiqi və xalq rəqsləri vasitəsilə təqdim edilib.
Gecədə Azərbaycanın tanınmış sənətçiləri İlhamə Qasımova və İlkin Dövlətov çıxış ediblər. Proqram zamanı ənənəvi Azərbaycan musiqisi səsləndirilib, milli musiqi və rəqs nümunələri nümayiş olunub.
“Zəngəzur” ansamblı Azərbaycan milli rəqslərini nümayiş etdirib
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı gecədə milli rəqs nümunələri ilə çıxış edib.
Musiqi proqramında ansamblın bədii rəhbəri, Qarabağ qazisi İdris Hüseynov udda, Zəki Vəliyev tarda, Vasif Hüseynli pianoda, Nürəddin Tağıyev kamançada, Məqsəd Əzizov balabanda, Vəfadar Ramizzadə isə zərb alətlərində bacarıqlarını nümayiş etdiriblər.
İstanbulda çağdaş Azərbaycan rəssamlarının sərgisi açılıb
Mədəniyyət proqramı yalnız musiqi və rəqslərlə məhdudlaşmayıb. Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çağdaş Azərbaycan rəssamlarının sərgisi də açılıb.
Sərgidə Türkiyədə yaşayan tanınmış azərbaycanlı rəssamların yaradıcılıq nümunələri təqdim edilib. Eyni zamanda, müasir Azərbaycan rəngkarlığının müxtəlif üslub və ifadə formalarını əks etdirən əsərlər nümayiş olunub.
İstanbulda keçirilən “Azərbaycan gecəsi” Azərbaycan musiqisinin, milli rəqslərinin və təsviri sənətinin təqdimatı ilə yanaşı, Azərbaycan və Türkiyə arasında ortaq mədəni dəyərlərin və mədəni əlaqələrin təbliğinə xidmət edib.
