Aydani Art Gallery-də “An” adlı kollektiv sərgi keçirilib

Mətn Ölçüsü

PostNews – Aydani Art Gallery-də insan yaddaşında iz buraxan və incəsənətdə öz əksini tapan mühüm anlara həsr olunmuş “An” adlı kollektiv sərgi keçirilib.

Layihəyə yaradıcılıq ictimaiyyəti tərəfindən böyük maraq göstərilib. Məlumata görə, sərgidə iştirak etmək üçün 300-ə yaxın müraciət daxil olub. Seçim mərhələsindən sonra ekspozisiyada 16 rəssamın əsərləri nümayiş etdirilib.

Sərgidə Risalə Vəlizadə, Könül Mustafayeva, Tatyana Simonova, Şüayb Qaydarov, Baba Dadaşov, Nigar Qədiyeva, Nigar Qasınlı, Aysel Yusifova, Nuranə Mirəliyeva, Xədicə Həmidova, Aytac Aydəmirova, Könül Babayeva, Anastasiya Nesterenko, Arianna Putzu, Sabina Məmmədova və Şəbnəm Nəbiyevanın əsərləri yer alıb.

Açılış mərasimində Aydani Art Gallery-nin direktoru, rəssam Aydan Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, rəssam MirAzər Abdullayev, rəssam Anar Şəmsi, həmçinin qalereyanın kuratoru və rəqəmsal rəssam Sevil Kərimova çıxış ediblər.

Ekspozisiyada müxtəlif texnika və janrlarda hazırlanmış 20-yə yaxın sənət əsəri nümayiş olunub. Sərgidə müxtəlif yaradıcılıq üslublarını təmsil edən rəssamların işləri təqdim edilərək müasir incəsənətin rəngarəngliyi nümayiş etdirilib.

Sərgidə nümayiş olunan əsərlərin hər biri “an” mövzusuna fərqli yanaşma sərgiləyərək emosiyaları, xatirələri, daxili hissləri və şəxsi hekayələri əks etdirib. Rəssamlar incəsənətin dili ilə tamaşaçıları düşünməyə və əsərlərlə dialoq qurmağa dəvət ediblər.

“An” kollektiv sərgisi yaradıcı ünsiyyət platforması kimi rəssamları, sənətsevərləri və qalereya ziyarətçilərini bir araya gətirib. Layihə incəsənətin insan həyatının dəyərli anlarını qoruyaraq gələcək nəsillərə ötürmək imkanlarını bir daha nümayiş etdirib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti