Bank zaminin avtomobillərinə qadağa qoyulmasını istədi – Məhkəmə razılaşmadı

Mətn Ölçüsü

Azərbaycanda bankın kredit borcuna görə zaminə məxsus avtomobillərin satılmasına və digər şəxslərin adına keçirilməsinə qadağa qoyulması tələbi məhkəmə tərəfindən təmin edilməyib. Məhkəmə müəyyən edib ki, kredit öhdəliyinin pozulması zaminin əmlakına avtomatik məhdudiyyət tətbiq olunması üçün kifayət etmir və bunun üçün gələcək məhkəmə qərarının icrasına real təhlükə yarandığını təsdiqləyən konkret sübutlar təqdim edilməlidir.

PostNews xəbər verir ki, bununla bağlı Şirvan Kommersiya Məhkəməsində bankın müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə baxılıb.

İş materiallarına əsasən, bankla borcalan arasında bağlanmış müqavilə üzrə 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit çərçivəsində borcalana illik 22 faizlə, 18 ay müddətinə 30 min manat kredit ayrılıb.

Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə başqa bir fiziki şəxslə zaminlik müqaviləsi bağlanıb.

Bankın təqdim etdiyi arayışa əsasən, kredit üzrə ödənilməmiş borcun ümumi məbləği 29 764,93 manat təşkil edib.

Bank zaminin iki avtomobilinin satılmasına qadağa qoyulmasını istəyib

Bank gələcəkdə kredit borcunun tutulması üçün məhkəmədə iddia qaldıracağını bildirərək zaminin mülkiyyətində olan iki avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müraciət edib.

Kredit təşkilatı hesab edib ki, həmin nəqliyyat vasitələrinin üçüncü şəxslərə satılması və ya başqa şəxslərin adına keçirilməsi gələcəkdə borcun tutulmasına dair məhkəmə qərarının icrasını çətinləşdirə bilər.

Bu səbəbdən bank əsas iddia qaldırılmazdan əvvəl avtomobillərə münasibətdə müvəqqəti təminat tədbirinin tətbiq olunmasını tələb edib.

Məhkəmə bankın təqdim etdiyi əsasları kifayət hesab etməyib

Şirvan Kommersiya Məhkəməsi işin hallarını araşdıraraq bankın tələbini əsaslandıran konkret sübutların təqdim edilmədiyini müəyyən edib.

Məhkəmənin mövqeyinə görə, zaminin avtomobilləri satmağa hazırlaşması, onları üçüncü şəxslərin adına keçirməsi, əmlakı gizlətməsi və ya gələcək məhkəmə qərarının icrasına mane ola biləcək digər hərəkətlərə yol verməsi barədə sübutlar olmayıb.

Qeyd edilib ki, kredit borcunun mövcudluğu və borcalanın öhdəliyini yerinə yetirməməsi özlüyündə zaminin əmlakına sərəncam verilməsinin məhdudlaşdırılmasına əsas yaratmır.

Belə məhdudiyyətin tətbiqi üçün məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirə biləcək real və konkret təhlükənin mövcudluğu əsaslandırılmalıdır.

Bank kredit risklərini əvvəlcədən qiymətləndirməlidir

Məhkəmə kredit təşkilatlarının peşəkar fəaliyyətindən irəli gələn öhdəliklərə də diqqət çəkib.

Bildirilib ki, bank kredit verərkən borcalanın ödəmə qabiliyyətini, mümkün riskləri və kreditin qaytarılmasını təmin edən mexanizmləri əvvəlcədən qiymətləndirmək imkanına malikdir.

Bu baxımdan, müvəqqəti təminat tədbiri kredit müqaviləsində nəzərdə tutulmuş təminat mexanizmlərinin sonradan dəyişdirilməsi və ya genişləndirilməsi vasitəsi kimi istifadə edilə bilməz.

Məhkəmənin mövqeyinə əsasən, kredit verilərkən lazımi qaydada təminatlandırılmalı olan öhdəliyin sonradan məhkəmə qərardadı vasitəsilə əlavə təminatlı vəziyyətə gətirilməsi yolverilməzdir.

Başqa sözlə, zaminin mülkiyyətində avtomobillərin və ya başqa əmlakın olması həmin əmlaka avtomatik qadağa qoyulması hüququ yaratmır.

Məhkəmə zaminin borca görə məsuliyyəti barədə qərar verməyib

Məhkəmə ayrıca vurğulayıb ki, baxılan məsələ kredit borcunun tutulması və ya zaminin həmin borca görə məsuliyyət daşıyıb-daşımaması ilə bağlı deyil.

Bu mərhələdə yalnız bankın tələb etdiyi müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual əsasların mövcudluğu qiymətləndirilib.

Buna görə də ərizənin rədd edilməsi kredit borcunun ləğvi və ya zaminin mümkün məsuliyyətdən azad olunması anlamına gəlmir.

Apellyasiya Məhkəməsi də bankın şikayətini təmin etməyib

Nəticədə Şirvan Kommersiya Məhkəməsi bankın zaminə məxsus iki avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təminat tədbiri tətbiq edilməsi barədə ərizəsini rədd edib.

Bank qərardaddan apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Beləliklə, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri