2025-ci ildə Azərbaycan Suriyaya 254 milyon kubmetrə yaxın təbii qaz ixrac edib

Mətn Ölçüsü

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 86,983 milyon ABŞ dolları dəyərində 253,657 milyon kubmetr təbii qaz ixrac edilib.

Bu barədə PostNews Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Memoranduma əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb və 2025-ci ilin avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Layihə çərçivəsində 1 200–1 300 meqavat gücündə elektrik enerjisi istehsalı nəzərdə tutulur.

Ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,7% artsa da, həcm baxımından 3% azalıb.

Eyni zamanda, hesabat dövründə Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxal olunub ki, bu da əvvəlki illə müqayisədə həm dəyər, həm də həcm baxımından əhəmiyyətli azalma deməkdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti