Azərbaycan Dəmir Yolları (ADY) sədri Rövşən Rüstəmov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
PostNews xəbər verir ki, görüşdə ADY ilə Dünya Bankı arasındakı mövcud əməkdaşlıq, tərəfdaşlığın genişləndirilməsi və Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə işlər müzakirə edilib.
ADY sədri qeyd edib ki, Orta Dəhliz üzrə konteyner daşımaları son dövrdə artıb, 2025-ci ildə Çin–Azərbaycan istiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb. Ötən il 392 blok-qatar qəbul edilib ki, bu da 2024-cü illə müqayisədə 37% çoxdur. Bu nəticələrdə ADY-nin fəaliyyətləri, eləcə də CRCT şirkətinin Orta Dəhliz layihəsinə cəlb olunması mühüm rol oynayıb.
Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyası da beynəlxalq daşımaların səmərəliliyini artırıb: 2025-ci ildə limanda rekord həcmdə – 107 min TEU konteyner aşırılıb, bu da əvvəlki ilə nisbətən 40% artım deməkdir.
Dünya Bankının regional direktoru Çarlz Kormye vurğulayıb ki, DB Orta Dəhliz üzrə əməkdaşlığın dərinləşdirilməsinə maraqlıdır və ADY-nin həyata keçirdiyi işlər gələcək tərəfdaşlıq baxımından yeni imkanlar açır.


