2026-cı ildən bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətləri 15 manata qaldırılıb

Mətn Ölçüsü

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən 20-yə yaxın qoruq və muzeyin idarə edilməsi Qoruqları İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir.

PostNews xəbər verir ki, 2026-cı il yanvarın 1-dən etibarən bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq olunub.

Bildirilib ki, xarici ölkə vətəndaşlarına “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Diri Baba” türbəsinə giriş 15 manat təşkil edir. Qeyd edək ki, 2026-cı il yanvarın 1-dək bu obyektlər üçün giriş bileti 9 manat idi.

Xarici ölkə vətəndaşları üçün güzəşt kateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur. “Yanar Dağ” və “Atəşgah məbədi” qoruqlarına kombinə biletin qiyməti 25 manat, “Yanar Dağ” və “Atəşgah” qoruqları ilə Palçıq Vulkanları Turizm Kompleksi üçün kombinə bilet isə 35 manat təşkil edir. Kombinə bilet yalnız bir nəfər üçündür və ilk istifadədən sonra 72 saat müddətində etibarlıdır. Xarici vətəndaşların 12 yaşınadək uşaqları üçün giriş ödənişsizdir.

Azərbaycan Respublikasının vətəndaşları üçün giriş qiymətləri dəyişməz qalıb. Belə ki, “Yanar Dağ”, “Atəşgah”, “Yuxarı Baş”, “Kiş”, “Basqal”, Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq, Şəki Xalq Tətbiqi Sənət muzeyləri, Şəki Dövlət Rəsm Qalereyası üçün giriş 2 manat, tələbələr üçün 1 manat, Palçıq Vulkanları Turizm Kompleksi üçün giriş isə ölkə vətəndaşlarına 5 manat, tələbələr üçün 3 manat təşkil edir.

Eyni zamanda Azərbaycan vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar, məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti