Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur və bu sahədə aparılan müzakirələrin uğurla nəticələnəcəyi gözlənilir.
PostNews xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı danışıb.
Vüsal Qasımlı qeyd edib ki, bu evlərin ümumi bazar dəyəri təxminən 50 milyard manat təşkil edir:
“Hesab edirəm ki, real rəqəmlər bundan da böyükdür. Təsəvvür edin ki, bu qədər məbləğ maliyyə-bank sektoru, xüsusən də sığorta sahəsi üçün nə qədər geniş imkanlar açır”, – deyə o bildirib.
O əlavə edib ki, sənədsiz evlərin qeydiyyata alınması “InsurTech” və sığorta texnologiyaları sahəsində innovativ məhsul və xidmətlərin inkişafına stimul verə bilər, həmçinin maliyyə-bank sektoru üçün yeni investisiya imkanları yaradır.
Qeyd edək ki, “InsurTech” adlı dərs vəsaiti İİTKM, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı ilə hazırlanıb. Layihə sığorta sahəsində texnoloji yeniliklərin tətbiqini və innovativ yanaşmaların təşviqini hədəfləyir.
