Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi nəzərdə tutulur.
PostNews xəbər vereir ki, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək qayda və şərtlər əsasında həyata keçiriləcək.
Təklif olunan dəyişikliklər xarici prodüserlərin Azərbaycanda film istehsalına marağının artırılmasına, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına, eləcə də kino sahəsində investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edəcək.
Qanuna əlavə edilən yeni anlayışlar
- Xarici film – bütövlükdə xarici prodüser və ya prodüserlər tərəfindən istehsal edilən film
- Birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film
- Xarici prodüser – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, yaxud xarici hüquqi şəxs olan prodüser
