2025-ci ilin noyabr ayında Azərbaycan Türkiyəyə boru kəməri ilə ən çox təbii qaz ixrac edən ölkələrin ilk üçlüyündə mövqeyini möhkəmləndirib.
PostNews xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) açıqladığı hesabatda bildirilir.
Məlumata görə, hesabat dövründə Türkiyə Azərbaycandan 1,036 milyard kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin noyabr ayının göstəricisi ilə müqayisədə 6,81 faiz artım deməkdir. Aylıq tədarük həcmlərinə görə Azərbaycan İran İslam Respublikasını geridə qoyaraq Rusiya Federasiyasından sonra Türkiyəyə boru kəməri ilə qaz ixrac edən ikinci ən böyük təchizatçı mövqeyinə yüksəlib.
Eyni dövrdə Türkiyənin İran İslam Respublikasından idxal etdiyi təbii qazın həcmi 888,64 milyon kubmetr təşkil edib. Bu göstərici bir il əvvəlki 853,82 milyon kubmetrlə müqayisədə 4,08 faiz artıb.
Rusiya Federasiyası isə ən böyük təchizatçı statusunu qoruyub saxlayaraq 2025-ci ilin noyabr ayında Türkiyəyə təxminən 1,205 milyard kubmetr təbii qaz ixrac edib. Bununla belə, ötən ilin analoji dövründə Rusiyadan Türkiyəyə ixrac olunan qazın həcmi 2,729 milyard kubmetrdən çox olub.
Hesabatda qeyd olunur ki, ümumilikdə 2025-ci ilin noyabr ayında Türkiyənin təbii qaz idxalı təxminən 5,038 milyard kubmetr təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,23 faiz azalıb.
Məlumata əsasən, boru kəməri ilə idxal olunan təbii qazın həcmi 3,130 milyard kubmetr olub ki, bu da illik müqayisədə 31,25 faiz azalma deməkdir. Bununla yanaşı, mayeləşdirilmiş təbii qazın (LNG) idxalı 52,24 faiz artaraq 1,908 milyard kubmetr səviyyəsinə yüksəlib.
