Bu ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.674.984 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
PostNews xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı isə 6,6 faiz artım göstərib.
Yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 204.065 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur.
2025-ci il ərzində 14.051 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 88,7 faizi yerli investisiyalı, 11,3 faizi isə xarici investisiyalı qurumlar olub.
Qeyd edilib ki, kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,5 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin:
- 92 faizi məhdud məsuliyyətli cəmiyyət,
- 1,1 faizi səhmdar cəmiyyət,
- 1,1 faizi kooperativ,
- qalan hissəsi isə digər təşkilati-hüquqi formalarda yaradılıb.
