PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə beşinci könüllü milli hesabatını 2027-ci ildə təqdim etməyi planlaşdırır. Bununla yanaşı, ölkənin 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması, dayanıqlı inkişaf prioritetlərinin regionlarda tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparılır.
PostNews xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli oktyabrın 28-də Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan indiyədək DİM-lərin icrası ilə bağlı dörd könüllü milli hesabat təqdim edib və bu göstəriciyə görə dünyada ən çox hesabat təqdim edən beş ölkədən biridir.
“Hazırda beşinci könüllü milli hesabat üzərində işləyirik və onun 2027-ci ildə təqdim edilməsi nəzərdə tutulur”, – deyə nazir müavini vurğulayıb.
Azərbaycanda 2027–2030-cu illər üzrə yeni inkişaf strategiyası hazırlanır
Səməd Bəşirli bildirib ki, Azərbaycanın dövlət proqramları və strateji sənədləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılıb.
Hazırda 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının icrası davam etdirilir. Eyni zamanda, növbəti dörd ili əhatə edəcək yeni strategiyanın hazırlanması istiqamətində fəaliyyət həyata keçirilir.
Nazir müavini qeyd edib ki, DİM-lərin milli inkişaf prioritetlərinə inteqrasiyası ölkənin uzunmüddətli sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.
Şuşa və Naxçıvanda DİM-lərin tətbiqi üzrə yol xəritəsi hazırlanıb
S.Bəşirli dayanıqlı inkişaf məqsədlərinin regional səviyyədə lokallaşdırılmasının Azərbaycanın inkişaf gündəliyində yeni mərhələ olduğunu bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Şuşa və Naxçıvan seçilib və müvafiq tədbirlər həyata keçirilib.
2026-cı ilin mart-aprel aylarında regionlara səfərlər təşkil olunub, Qarabağ Universitetində və Naxçıvan Dövlət Universitetində DİM-lərin yerli səviyyədə tətbiqinə həsr edilmiş görüşlər keçirilib.
Nazir müavini universitetlərin prosesdə fəal iştirak etdiyini və müvafiq yol xəritəsinin hazırlandığını diqqətə çatdırıb.
Azərbaycan və BMT arasında 30 ildən artıq əməkdaşlıq mövcuddur
Səməd Bəşirli qeyd edib ki, Azərbaycanla BMT arasında tərəfdaşlıq münasibətləri 30 ildən artıq dövrü əhatə edir.
Bu müddət ərzində dayanıqlı inkişafın təmin edilməsi, institusional potensialın gücləndirilməsi və müxtəlif sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əməkdaşlıq aparılıb.
Nazir müavininin sözlərinə görə, DİM dialoqları hökumət qurumları, BMT sistemi, beynəlxalq maliyyə institutları və özəl sektor nümayəndələri arasında müzakirələrin aparıldığı mühüm platformadır.
O, həmçinin bir neçə gün əvvəl Xankəndidə Azərbaycan və BMT arasında gələcək tərəfdaşlığın müzakirəsinə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədləri anı” adlı yüksək səviyyəli strateji dialoqun keçirildiyini xatırladıb.
COP31 ərəfəsində enerji sektorunun dekarbonizasiyası aktuallaşır
S.Bəşirli iqlim dəyişikliyi ilə mübarizənin beynəlxalq dayanıqlı inkişaf gündəliyində mühüm yer tutduğunu bildirib.
Onun sözlərinə görə, COP31 ərəfəsində milli səviyyədə müəyyən edilmiş töhfələrin icrası və enerji sektorunun dekarbonizasiyası xüsusi aktuallıq kəsb edir.
Nazir müavini Azərbaycanın BMT ilə əməkdaşlığının növbəti dövrdə də dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına, regional təşəbbüslərin genişləndirilməsinə və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

