PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə Azərbaycanda sənaye sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 7,916 milyard manat təşkil edib.
PostNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% azdır.
Sənaye sektoruna yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 37,3% olub. Hesabat dövründə sərmayələrin 5,213 milyard manatı mədənçıxarma sənayesinə (+4,4%), 636,7 milyon manatı emal sənayesinə (-55,6%), 1,711 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatına (+27,4%), 354,8 milyon manatı isə su təchizatı, tullantıların təmizlənməsi və emalına (+57,6%) yönəldilib.
Qeyd olunur ki, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,226 milyard manat sərmayə yatırılıb ki, bu da 2024-cü illə müqayisədə 5,6% azdır. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3%, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9% azalıb.
Ümumi sərmayənin 10,972 milyard manatı və ya 51,7% məhsul istehsalı sahələrinin, 7,180 milyard manatı (33,8%) xidmət sahələrinin, 3,074 milyard manatı (14,5%) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Hesabat dövründə sərmayələrin 53,2% dövlət, 46,8% isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 75,5% tikinti-quraşdırma işlərinə sərf olunub, daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri isə ümumi sərmayənin 80,2%-ni təşkil edib.

