Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 526,476 milyon manat təşkil edib.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sözügedən göstərici əvvəlki ayla müqayisədə 1,1 milyon manat və ya 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 53,2 milyon manat və ya 11,2% artıb.
Hesabat dövründə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,73% səviyyəsində formalaşıb. Dövr ərzində regiona yönəldilmiş kreditlərin 525,945 milyon manatı milli valyutada, 531 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 2 milyon manat və ya 8,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17 milyon manat və ya 2,8 dəfə artaraq 26,516 milyon manat təşkil edib.
Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 14,42% olub. Bu dövrdə regiona ayrılmış kreditlərin 17,484 milyon manatı milli valyutada, 9,033 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Beləliklə, hesabat dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 552,992 milyon manata çatıb.
Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının ümumi həcmi 30,063 milyard manat olub. Bu göstərici əvvəlki ayla müqayisədə 377,5 milyon manat və ya 1,3%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,6 milyard manat və ya 9,4% artım deməkdir.

