Azərbaycan 2025-ci ildə 2024-cü illə müqayisədə əmtəəlik qaz hasilatını 0,5 faiz artırıb.
PostNews xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 2025-ci ildə ölkədə ümumi təbii qaz hasilatı 50,9 milyard kubmetr təşkil edib. Bunun 38,9 milyard kubmetri əmtəəlik qazın payına düşüb. Ümumilikdə, təbii qaz hasilatı illik müqayisədə 0,6 faiz artıb.
Eyni zamanda, hesabat dövründə xam neft, o cümlədən əmtəəlik neft hasilatında azalma müşahidə olunub. Belə ki, kondensat da daxil olmaqla, Azərbaycanda təxminən 27,7 milyon ton xam neft hasil edilib və bunun 27,6 milyon tonu əmtəəlik neft olub.
Beləliklə, xam neftin (kondensatla birlikdə) hasilatı illik müqayisədə 4,8 faiz azalıb. Əmtəəlik neft hasilatı da il ərzində 4,8 faiz geriləyib.
Qeyd edək ki, Azərbaycan Xəzər dənizinin şelf zonasında əhəmiyyətli qaz ehtiyatlarına malikdir. Qiymətləndirmələrə görə, “Şahdəniz” yatağının kəşf edilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat təşkil edir.
Bundan əlavə, Azərbaycanın karbohidrogen potensialı sırasında “Ümid-Babək” strukturu da mühüm yer tutur. İlkin məlumatlara əsasən, “Babək” strukturunun ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
Digər perspektivli sahələrə gəldikdə isə, “Şəfəq-Asiman” blokunun proqnoz ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. Eyni zamanda, “Abşeron” yatağından birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunur.

