Azərbaycanda neft və maye karbohidrogen hasilatının 2026–2027-ci illərdə sutkada 0,54 milyon barel olacağı gözlənilir

Mətn Ölçüsü

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının həm 2026, həm də 2027-ci illərdə orta hesabla sutkada 0,54 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır.

PostNews xəbər verir ki, bu barədə məlumat ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2026-cı ilin yanvar ayı üzrə açıqladığı qısamüddətli enerji proqnozunda yer alıb.

Proqnozda qeyd olunub ki, sözügedən göstərici 2025-ci il üçün qiymətləndirilən sutkada 0,57 milyon barel hasilat həcmi ilə müqayisədə azalma deməkdir.

EIA-nın rüblər üzrə hesablamalarına əsasən, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı birinci və ikinci rüblərdə sutkada 0,57 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,56 milyon barel səviyyəsində qiymətləndirilir.

Qurumun proqnozuna görə, 2026-cı ildə hasilat birinci rübdə sutkada orta hesabla 0,55 milyon barel, ikinci rübdə 0,54 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,53 milyon barel təşkil edəcək.

Eyni dinamikanın 2027-ci ildə də davam edəcəyi gözlənilir. Belə ki, həmin il birinci rübdə hasilatın sutkada 0,55 milyon barel, ikinci rübdə 0,54 milyon barel, ilin ikinci yarısında isə 0,53 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstəricilər nəticəsində 2027-ci il üzrə orta illik hasilatın sutkada 0,54 milyon barel təşkil edəcəyi bildirilir.

Bu arada, Azərbaycanın Energetika Nazirliyinin məlumatına əsasən, hesabat dövründə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlarının, 3,8 milyon tonu “Şahdəniz”, 0,6 milyon tonu “Abşeron”, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub. İxrac edilən həcmin 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti